İkitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib
Bu gün Şəmkirdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda çıxış edən vergilər naziri, hökumətlərarası komissiyanın həmsədri Fazil Məmmədov komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayaraq, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, 2014-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 mln. ABŞ dollarına çatdığını bildirib.
Hökumətlərarası komissiyanın son iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən F.Məmmədov qeyd edib ki, bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı səfərlər, görüşlər, tədbirlər keçirilib, ikitərəfli əlaqələr genişlənib. Xüsusilə, gənclər və idman, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlıq daha intensiv inkişaf edib. Hər iki ölkənin gənclərinin qarşılıqlı səfərləri təşkil edilib, müxtəlif sərgilər keçirilib. Litvalı ekspertlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanın turizm potensialının gücləndirilməsi ilə bağlı tvinninq layihəsində yaxından iştirak edib, turizm zonalarının yaradılması və idarə olunmasına dair təcrübənin öyrənilməsi ilə əlaqədar geniş təcrübə mübadiləsi aparılıb.
F.Məmmədov ölkələrimiz arasında çoxtərəfli formatda da münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, məhz Litvanın Avropa Şurasında sədrliyi dövründə, yəni 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanmasının mühüm hadisə olduğunu qeyd edib.
Daha sonra komissiyanın Litva tərəfdən həmsədri, Litvanın xarici işlər naziri Linas Linkeviçius ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində hökumətlərarası komissiyanın fəaliyyətini müsbət dəyərləndirib. Litva və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayan nazir iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin, digər sahələrdə də ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu bildirib.
Sonra komissiya gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıb, komissiyanın üzvləri müvafiq təqdimatlarla çıxış ediblər. Tərəflər hər iki ölkənin iqtisadi vəziyyəti və ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparıblar.
İclasın sonunda ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın vergilər naziri F.Məmmədov və Litvanın xarici işlər naziri L.Linkeviçius imzalayıblar.
İclas çərçivəsində 8-ci Azərbaycan-Litva biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.
Forumu açan vergilər naziri F.Məmmədov forum iştirakçılarına Azərbaycandakı investisiya mühiti barədə məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin mövcud olduğunu, iqtisadiyyatın davamlı inkişaf etdiyini, yaradılan əlverişli biznes mühitinin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib.
O, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini və bu sahədəki mövcud potensialı nəzərə alaraq, biznes forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Litvanın xarici işlər naziri L.Linkeviçius belə biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini vurğulayaraq bildirib ki, coğrafi baxımdan ölkələrimiz arasında məsafə kifayət qədər böyük olsa da, bu, əməkdaşlığa mane olmur və yeni tərəfdaşlıq sazışlərinin əldə olunması tərəflərin qarşılıqlı investisiyalarda maraqlı olduğunun göstəricisidir. İnformasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğunu diqqətə çatdıran L.Linkeviçius qeyd edib ki, Litva-Azərbaycan hökumətlərarası komissiyası ikitərəfli əlaqələrin inkişafında və hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli fəaliyyət göstərir.
Biznes forumda Azərbaycanın və Litvanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verilib, hər iki tərəfdən müxtəlif layihələrin, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təqdimatları keçirilib. Biznes forum iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.
Trend/az