Azərbaycanda İnsan Hüquqları üzrə Birləşmiş Qrup yaradılıb
Bu gün İnsan Haqları üzrə İşçi Qrupun iclası keçirilib.
Bu barədə APA-ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.
Onun sözlərinə görə, iclasda əsasən təşkilati məsələlər müzakirə olunub: “İclasda işçi qrupun adının dəyişdirilməsi məsələsi müzakirə olundu. Qərara alındı ki, bundan sonra qrup İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlandırılsın. Qrupun həmsədrləri Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçildilər. Biz təkliflər hazırlayacağıq və növbəti iclasda katibliyə təqdim edəcəyik”.
S. Qocamanlı iclasın keçirilməsini yüksək qiymətləndirib: “Bütün problemlər danışıq yolu ilə həll edilir. Artıq vətəndaş cəmiyyətinin nümayəndələri ilə dövlət qurumlarının nümayəndələri bir masa arxasında oturub problemləri müzakirə edirlər. Mən buna çox müsbət baxıram və ümid edirəm ki, fəaliyyətimiz davamlı olacaq”.
Xatırladaq ki, 2005-2008-ci illərdə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.
Apa.az