Azərbaycan Mətbuat Şurasının sədri TürkPA-nın baş katibi ilə görüşüb

Posted by

Azərbaycan Mətbuat Şurasının sədri TürkPA-nın baş katibi ilə görüşübAzərbaycan Mətbuat Şurasının sədri TürkPA-nın baş katibi ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri TürkPA-nın baş katibi ilə görüşüb

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanovla görüşüb.

MŞ-dən Trend-ə verilən məlumata görə, qazaxıstanlı qonağı salamlayan Şura sədri bildirib ki, müasir reallıqda belə bir qurumun mövcudluğu türkdilli ölkələrin hərtərəfli inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm faktordur. Bu prosesə dövlət rəhbərləri, ictimai-siyasi xadimlər və digər sahə təmsilçiləri ilə yanaşı, jurnalistlər, media qurumları da sanballı töhfə verə bilərlər.

MŞ sədri qonağa sıralarında Azərbaycanda müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, tanınmış jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurasının fəaliyyət istiqamətlərində bu məsələnin də diqqət mərkəzində saxlanıldığını deyib. O, əlavə edib ki, indiyədək qurultayları Türkiyə, Azərbaycan və Qırğızıstanda düzənlənən türkdilli ölkələrin və toplumların media təmsilçilərinin qurultaylarında həmin sahədə səylərin birləşdirilməsinə xidmət göstərməkdədir.

J.Asanov ilk plenar iclası 29 sentyabr 2009-cu ildə Bakıda keçirilən TürkPA-nın mövcud olduğu 5 il ərzində bir sıra uğurlara imza atdığını konkret faktlar əsasında göstərib. Baş katib vurğulayıb ki, 2011-ci ilin aprelindən quruma sədrlik edən Qazaxıstanda türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsində medianın roluna xüsusi diqqət yetirilir. O, TürkPA-nın Mətbuat Şurası ilə əməkdaşlığının da buna təsirsiz ötüşməyəcəyinə əminliyini bildirib.

Görüşdə bununla əlaqədar silsilə tədbirlərin keçirilməsi məqsədəuyğun sayılıb. Həmin coğrafi məkanda qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin təşkili, yerli dilləri bilən jurnalistlərin yetişdirilməsi, xəbər portallarında türk dilinin müxtəlif qruplarına aid variantların yayımlanması və sair reallaşdırılması üzərində iş aparılması razılığına gəlinib.

 

Trend.az