DSMF-də yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib

Posted by

DSMF-də yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilibDSMF-də yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib

DSMF-də yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) vakant dövlət qulluğu vəzifələrinə müsabiqə yolu ilə yeni qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin iyul ayında qəbul olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, bununla da ölkədə dövlət qulluğu sahəsində vahid sistemin formalaşmasının əsası qoyulub. E. Mehdiyev bildirib ki, “ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb”.

Dövlət qulluğunda çalışmağın hər bir şəxs üçün böyük şərəf olması ilə bərabər, həm də üzərinə məsuliyyət qoyduğunu söyləyən DSMF sədri xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyin dövlət qulluqçusunun əsas vəzifəsi olduğunu qeyd edib. E. Mehdiyev vurğulayıb ki, dövlət qulluqçusu ölkənin inkişafı üçün bütün bilik və bacarığını səfərbər etməli, müasir idarəçilik metodlarını, informasiya texnologiyalarından tam istifadə bacarıqlarını mənimsəməli, müasir düşüncə tərzinə, peşəkar, yaradıcı, təşəbbüskar keyfiyyətlərə malik olmalıdır.

E.Mehdiyev Azərbaycanda son illərdə həyata keçirilən müasirləşmə strategiyası və hərtərəfli inkişaf siyasəti barədə məlumat verərək bütün bunların vətəndaşların maddi rifahının yaxşılaşdırılmasına və yüksək həyat standartlarının təmin olunmasına yönəldiyini qeyd edib. Sonra DSMF sədri ötən dövr ərzində respublikamızda aparılan uğurlu sosial siyasət və sürətli islahatlar nəticəsində müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sisteminin qurulduğunu bildirərək Fondun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, DSMF sistemi maliyyə-iqtisadi sahə olmaqla yanaşı, həm də sosial sferaya aid olduğundan, bu sistemdə dövlət qulluğunun əsas cəhəti kimi vətəndaşlarla səmimi rəftar, o cümlədən səbirli və mədəni davranış xüsusilə fərqlənir. E. Mehdiyev dövlət qulluğuna yeni işə qəbul olunan gəncləri təbrik edərək onlara öz işlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edərək dövlət qulluğuna qəbul prosessinin şəffaf, ədalətli və obyektiv keçirilməsindən razılıqlarını ifadə edən gənc dövlət qulluqçuları yaradılmış bu imkanlara görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. Gənclər daim nümunəvi çalışmaqla və vətəndaşlarımıza layiqli xidmət göstərməklə onlara olan yüksək etimadı doğruldacaqlarına söz veriblər.

Tədbirin davamında “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi” və “Dövlət qulluğunda etik davranış qaydaları” mövzularında təqdimatlar keçirilib. Sonda iştirakçılarda maraq doğuran suallarla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 1 aprel 2014-cü il tarixdə elan edilmiş DSMF üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 250 yer üçün 790 nəfər ərizə ilə müraciət edib. Həmin vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan iştirakçılardan 65 nəfəri (dövlət qulluğunda inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 15 nəfər, 7-ci təsnifatı üzrə isə 50 nəfər) aidiyyəti vəzifələrə təyin olunublar. Fond üzrə mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yaxın vaxtlarda növbəti müsabiqə elan ediləcəkdir və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Ölkə üzrə dövlət qulluqçularının 10 faizi DSMF-də çalışır və onların arasında gənclər üstünlük təşkil edir. Fond 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2014-cü illərdə DSMF üzrə keçirilən müsabiqələrdə 2708 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlmiş və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Bundan əlavə, dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılması istiqamətində Komissiya ilə birgə əməkdaşlıq həyata keçirilir. Belə ki, Komissiya tərəfindən dövri olaraq dövlət qulluğunda insan resurslarının idarə edilməsi, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluğunda işin tənzimlənməsi, iş bölgüsünün aparılması qaydaları və s. mövzularda təşkil olunan təlimlərdə Fondun Aparatının və yerli orqanlarının əməkdaşlarının iştirakı təmin olunur. Həmçinin komissiya tərəfindən xarici ölkələrdə təşkil olunan təlim səfərlərində Fondun nümayəndələri intensiv iştirak edirlər. Komissiya ilə Fondun birgə əməkdaşlıq istiqamətlərindən biri də bütün dövlət orqanlarında tətbiqinə başlanılması məqsədilə DSMF-nin aparatında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin tətbiqi olmuşdur.

DSMF dövlət idarəçilik təcrübəsinin tədrisi və dövlət qulluqçularının ixtisasının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə sıx əməkdaşlıq edir. Belə tədbirlərin tərkib hissəsi kimi 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondu ilə Dövlət İdarəçilik Akademiyası arasında elm, təhsil, vətəndaşlara xidmət, davamlı sosial inkişaf və qarşılıqlı maraq kəsb edən digər sahələrdəki əməkdaşlığı əhatə edən memorandum imzalanıb. Akademiya tərəfindən mütəmadi olaraq təşkil olunan ixtisasartırma kurslarında Fondun Aparatının və yerli orqanlarının əməkdaşlarının iştirakı təmin olunur. Eyni zamanda, Fondun nümayəndələri tərəfindən Dövlət İdarəçilik Akademiyasında sığorta-pensiya sisteminin aktual mövzuları ilə bağlı müxtəlif vətəndaş qrupları üçün seminarlar keçirilir.

 

Trend.az