Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Posted by

Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilibAzərbaycan ilə Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın Çex Respublikasındakı səfiri Fərid Şəfiyev bu ölkənin Moraviya regionunda səfərdə olub.

Səfirlikdən AzərTAc-a bildiriblər ki, F.Şəfiyev səfəri çərçivəsində sentyabrın 29–dan oktyabrın 3-dək Çex Respublikasının Brno şəhərində keçirilən 56-cı Beynəlxalq maşınqayırma sərgisi çərçivəsində sentyabrın 30-da bu ölkənin Ticarət Palatasının təşkilatçılığı ilə baş tutmuş “Azərbaycanda ixrac və sahibkarlıq imkanları” mövzusunda xüsusi seminarda iştirak edib.

Seminarın açılışında Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladek, Ticarət Palatasının sədri Vladimir Dlouhi, Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev, Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyətinin (EGAP) baş direktoru Yan Proxazka və Çexiya İxrac Bankının (ÇEB) baş direktoru Karel Bureş çıxış ediblər.

Səfir F.Şəfiyev çıxışında Azərbaycanda aparılan islahatlar, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib.

Seminarda çex mütəxəssisləri tərəfindən Azərbaycanın investisiya sahəsində qanunvericiliyi və biznes imkanları müzakirə edilib.

Həmin gün F.Şəfiyevin Brno şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr ilə görüşü olub. Görüşdə Azərbaycan və Çexiya arasında mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsində diaspor nümayəndələri və tələbələrimizin rolunun vacibliyi vurğulanıb.

Oktyabrın 1-də səfir F.Şəfiyev Çex Respublikasının Olomouts regionunun prezidenti Yirji Rozborjil ilə görüşüb. Görüşdə Olomouts regionu və Azərbaycanın Gəncə şəhəri arasında təhsil, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində perspektivlər müzakirə edilib.

Xatırladaq ki, 2012-cü ildə Gəncə şəhəri və Olomouts regionu arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında birgə Bəyannamə imzalanıb.

 

AzərTac.az