Məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilib

Posted by

Məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilibMəhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilib

Məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası istiqamətində ardıcıl tədbirlər görülür. Sərəncama uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə gəlib, Mərkəzin fəaliyyəti ilə tanış olub.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov məlumat verib ki, binada mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfinə intellektual-elektron lövhə, kompyuter, smart kamera, monitor və digər texniki avadanlıqlar qoyulub. Hazırda muxtar respublika üzrə 18 sağlamlıq imkanı məhdud uşaq distant təhsilə cəlb edilib. Bu uşaqların yaşadıqları mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb. Mərkəzdə çalışan 4 müəllimə, eləcə də uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçirilib. Distant Tədris Mərkəzinə eyni vaxtda 50 istifadəçinin qoşulması mümkündür. Gələcəkdə serverin tutumunun 200 istifadəçiyədək artırılması nəzərdə tutulubdur ki, bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri Distant Tədris Sistemini işə salıb, dərs prosesini izləyib.

Bildirilib ki, Distant Tədris Sistemi müxtəlif məsafələrdə olan təhsil müəssisələri arasında informasiya mübadiləsinin operativ və səmərəli təşkilinə imkan verir. Mərkəzdə müəllim və şagirdlər arasında interaktiv əlaqə təşkil olunub. Şagirdlər videobağlantı vasitəsilə keçirilən dərsləri dinləmək və müəllimlərlə birbaşa əlaqə saxlamaq imkanına malikdirlər. Hazırda burada şagirdlərə ibtidai siniflərin proqramında nəzərdə tutulan fənlər tədris olunur. Tədris sinfindəki interaktiv lövhə elektron dərsliklərdən və digər multimedia tədris avadanlıqlarından istifadəyə imkan verəcəkdir. Bu da şagirdlərin daha çox biliklərə yiyələnməsi və dünyagörüşlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin qeyd olunub ki, son illər muxtar respublikada məhdud fiziki imkanlı uşaqların ümumtəhsil məktəblərinə cəlb edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Artıq muxtar respublikanın ümumtəhsil məktəblərində 701 məhdud fiziki imkanlı uşaq təhsil alır ki, onların da 64-ü birinci sinif şagirdidir.

Şahbuz rayonunun Ağbulaq kənd sakini, valideyn Səlim Cəmşidli videobağlantı vasitəsilə yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, məhdud fiziki imkanlıların təhsilə cəlb edilməsi istiqamətində görülən işləri ölkəmizdə, eləcə də muxtar respublikada insan amilinə verilən qiymətin daha bir ifadəsi kimi dəyərləndirib.

Müəllimlərlə söhbət zamanı Ali Məclisin Sədri deyib ki, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyasında distant təhsilin mühüm rolu olacaqdır. Yaradılan şərait uşaqların yaxşı təhsil almasına imkan verəcəkdir. Ona görə də müəllimlər uşaqların təhsilinə diqqətlə yanaşmalı, tədris proqramlarının həcmi artırılmalı, valideynlərlə mütəmadi əlaqə saxlanılmalıdır.

Sonra Ali Məclisin Sədri Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, mərkəzdə kompyuter, operator və müəllim otaqları, audiostudiya, defektoloji bölmə və kitabxana vardır. Otaqlarda quraşdırılan müasir tədris avadanlıqları sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına, onların kompyuter və digər elektron resurslardan istifadə bacarıqlarının artırılmasına şərait yaradır. Mərkəzin audio və elektron kitabxanasında 439 audio və 518 elektron kitab mövcuddur. Həmçinin burada “Brayl” əlifbası ilə çap olunmuş dərslik, ədəbiyyat və jurnallar da vardır. Bu günədək audio kitabxanada muxtar respublika üzrə 482 görmə qabiliyyəti məhdud şəxs qeydiyyatdan keçirib.

Ali Məclisin Sədri mərkəzin audio və elektron kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, muxtar respublikada distant təhsilə keçid istiqamətində həyata keçirilən tədbirlərin və bu sahədə yeni texnologiyaların tətbiqinin bundan sonra da davam etdirilməsi, eləcə də müvafiq pedaqoji kadr hazırlığının təmin olunması barədə aidiyyəti qurumlara tapşırıqlar verib.

 

AzərTac.az