Bakıda hakimlərin tədrisinə dair beynəlxalq konfrans keçirilir

Posted by

Bakıda hakimlərin tədrisinə dair beynəlxalq konfrans keçirilirBakıda hakimlərin tədrisinə dair beynəlxalq konfrans keçirilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, yeni regional məhkəmələr təsis edilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub. Eyni zamanda, hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək bu sahədə mütərəqqi Avropa təcrübəsinin öyrənilməsi məqsədilə səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sentyabrın 29-da Bakıda Ədliyyə Akademiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Hakimlərin tədrisi ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitəsi kimi” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Konfransda Türkiyə, Almaniya, Niderland və Gürcüstandan olan təlim qurumlarının rəhbərləri, nüfuzlu ekspertlər, eləcə də mötəbər beynəlxalq təşkilatların təmsilçiləri, Ədliyyə Nazirliyinin rəhbərliyi, Ali Məhkəmənin, Baş Prokurorluğun məsul nümayəndələri, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyaları, birinci instansiya, ixtisaslaşmış və apelyasiya məhkəmələrinin hakimləri, vəkillər və alimlər iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət edilib.

Ədliyyə nazirinin müavini Azər Cəfərov konfransı açaraq ölkəmizdə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan genişmiqyaslı məhkəmə-hüquq islahatları, qanunvericilik və institusional tədbirlər barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin davamlı tədrisinin əhəmiyyətini vurğulayıb. O, bu sahədə Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edərək Məhkəmə-Hüquq Şurasında hakimlərin tədrisi sektorunun yaradıldığını, Ədliyyə Akademiyasında hakimlərin davamlı və hakimliyə namizədlərin uzunmüddətli tədris kurslarına cəlb olunduğunu diqqətə çatdırıb.

Nazir müavini, həmçinin bir çox xarici dövlətlərə faydalı tədris səfərlərinin həyata keçirildiyini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığı vurğulayıb, qanunvericilikdə baş verən yeniliklərin, habelə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin, peşəkarlığın artırılmasının vacibliyini qeyd edib. O, hakimlərin tədrisində yeni metodologiyaların və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, milli təlimçilərin formalaşdırılması üzrə tədbirlərdən, gələcək plan və məqsədlərdən danışıb.

A.Cəfərov hakimlərin tədrisi sahəsində mütərəqqi təcrübənin öyrənilməsində konfransın əhəmiyyətini vurğulayıb.

Açılışda, həmçinin GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının rəhbəri Tomas Meyer, Almaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər müvəkkili Volfqanq Mössinqer, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç və Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov çıxış ediblər.

Sonra konfransda hakimlər üçün təşkil olunan təlimlərin məhkəmə sisteminin müstəqilliyində, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasında rolu, Azərbaycan hakimləri üçün təhsil sahəsində yeniliklər və digər mövzulara dair məruzələr dinlənilib.

Tədbirdə paralel keçirilən iki iclasda hakimlərin təlimi ilə məşğul olan qurumların potensialının gücləndirilməsi və təlimçilərin seçilməsi, hazırlanması üçün kurslar mövzusunda müzakirələr aparılıb.

Növbəti gün konfransda qeyd olunan mövzular üzrə müzakirələrin nəticələrinə dair təqdimatlar keçiriləcək.

Tədbir iştirakçılarının, həmçinin Bakının Yasamal Rayon Məhkəməsinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni binası ilə tanışlığı nəzərdə tutulur.

 

AzərTac.az

Bakıda hakimlərin tədrisinə dair beynəlxalq konfrans keçirilir