Azay Quliyev: Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa edilən səfərlər cinayətdir
“Ermənistanın işğal altındakı Azərbaycan ərazilərinə xarici vətəndaşların, o cümlədən parlament üzvlərinin səfərlərini təşkil etməkdə məqsədi işğal faktını legitimləşdirmək cəhdləridir. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa edilən bu cür səfərlər beynəlxalq hüquq normalarının və milli qanunvericiliyin kobud şəkildə pozulmasıdır”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün Tbilisidə Şuranın maliyyə dəstəyi ilə keçirilən “Şərq Tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin hüquqi nəticələri” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
A.Quliyev bildirib ki, Ermənistan tərəfinin son illər işğal altındakı Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının, o cümlədən parlament üzvlərinin və digər rəsmilərin səfərlərini təşkil etmək səyləri artıb.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi belə şəxsləri “persona non-qrata” elan edir və onların adını xüsusi siyahıya daxil edir: “Təəssüf ki, bu siyahıda, Azərbaycan qanunlarını və beynəlxalq normaları pozanlar arasında deputatlar, o cümlədən Avropa İttifaqına üzv ölkələrin parlament üzvləri, Fransanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri kimi şəxslər yer alır. Bu, qəbuledilməzdir. Xüsusən Fransa Minsk qrupunun həmsədri kimi, əgər bitərəf, ədalətli vasitəçi kimi görünmək istəyirsə, belə hallara yol verməməlidir”.
Millət vəkili bildirib ki, Azərbaycanın mövcud qanunlarına görə, ölkə sərhədlərini qanunsuz keçənlər cinayət məsuliyyəti daşıyır və Dağlıq Qarabağa qanunsuz səfər edən xaricilər bunu nəzərə almalıdır.
Şura sədrinin sözlərinə görə, işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə yanaşı, bəzi xarici şirkətlər bu ərazilərdə iqtisadi fəaliyyətlə də məşğuldur: “Bu isə beynəlxalq hüquq normalarının növbəti dəfə kobud şəkildə pozulmasıdır. Deputat bildirdi ki, Dağlıq Qarabağda istehsal edilmiş malların Aİ üzvü olan ölkələrdə satışa çıxarılması faktları da mövcuddur və bu cür hallar beynəlxalq hüquq normalarına ziddir”.
A.Quliyev deyib ki, yeganə həll yolu Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına geri qaytarılmasının təmin olunmasından ibarətdir.
Qeyd edək ki, konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri ilə yanaşı, “Şərq Tərəfdaşlığı” proqramına daxil olan Gürcüstan, Moldova, Azərbaycan və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edir.
Trend.az