Azərbaycanda Su sayğaclarının sınağı laboratoriyası yaradılır
“Azərsu” ASC tərəfindən Su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına qərar verilib.
Trend ASC-yə istinadən məlumat verir ki, hazırda Su sayğaclarının sınağı laboratoriyasında son tamamlama işləri həyata keçirilir. Laboratoriya binası su sayğaclarının sınağı, təmiri sahələrindən, anbar, inzibati və yardımçı hissələrdən ibarətdir. Laboratoriyada Türkiyə və Avropa ölkələrinin istehsalı olan müasir cihaz və avadanlıqlar quraşdırılıb, işçilərin fəaliyyəti üçün zəruri əmək şəraiti yaradılıb.
Su sayğaclarının sınağı laboratoriyasında məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək. Yoxlama laboratoriyada quraşdırılmış xüsusi masalarda aparılacaq. Bu zaman müxtəlif sərfiyyatlarda su sayğacının xətası təyin ediləcək, sayğacların texniki göstəricilərinə uyğun təzyiqə davamlılığı yoxlanılacaq. Laboratoriyada sayğacların testi, kalibrlənməsi, təzyiq itkisinin müəyyən edilməsi üçün də xüsusi masalar quraşdırılıb.
Su sayğaclarının testi və kalibrlənməsi masasında eyni vaxtda 22 ədəd su sayğacını yoxlamaq mümkün olacaq. Ümumilikdə ay ərzində laboratoriyada 2700 ədəd su sayğacını yoxlamadan keçirmək üçün imkanlar mövcuddur.
Laboratoriyada, həmçinin elektromaqnit-flens tipli KROHNE və elekrtromaqnit-zond tipli ABB su sərfölçənlərinin sistemə quraşdırılmış mövcud sərfölçənlərlə müqayisə olunaraq yoxlanması mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təlimatına uyğun olaraq məişətdə istifadə olunan su sayğacları 5 ildə ən azı bir dəfə, sənayedə istifadə olunan sayğaclarsa ildə bir dəfə yoxlamadan keçirilməlidir.
Laboratoriyanın təmir sahəsində isə sayğacların mexaniki və elektron hissələrinin yoxlanılması üçün xüsusi otaqlar yaradılıb. Nasaz vəziyyətdə olan sayğaclar burada təmir ediləcək, yoxlanıldıqdan sonra kalibrlənməsi üçün Su sayğaclarının sınağı laboratoriyasına göndəriləcək.
Hazırda Su sayğaclarının sınağı laboratoriyası akkreditasiyadan keçmə mərhələsindədir. Bu prosedur başa çatdıqdan sonra laboratoriyada sayğacların yoxlanılması və təmiri işləri həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda 2012-ci ildən smart-kart sayğacların kütləvi şəkildə quraşdırılmasına başlanılıb. Bununla yanaşı, yerli sukanal idarələrinin xidməti ərazilərinin sərhəd nöqtələrində iridiametrli sərfölçənlərin quraşdırılması davam etdirilir.
Trend/az