Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində bu gün Assambleyanın prezidenti Sam Kutesa ilə görüş keçirib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında BMT Baş Assambleyasının 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
E.Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş Assambleyası və onun komitələrinin işində fəal iştirak edəcəyini deyərək, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
S.Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinə aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
O, əminliyini ifadə edib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycanla sıx əməkdaşlıq davam etdiriləcək.
Trend/az