Əcnəbilərin Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşməsi prosedurları diqqətə çatdırılıb
Sentyabrın 23-də Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda fəaliyyət göstərən mehmanxana nümayəndələri ilə görüş keçirilib.
DMX-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunmuş görüşdə Bakıda fəaliyyət göstərən 60-dan çox otel nümayəndəsi iştirak edib.
Görüşdə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan üç gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Bildirilib ki, qanunvericiliyə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf – otel, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi, onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini DMX-nın internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada müraciət edə bilərlər.
Görüşdə xüsusi vurğulanıb ki, xarici qonaqların, əsasən də turistlərin qalmaq üçün seçdiyi mehmanxanaların müdiriyyəti qanunvericiliklə müəyyənləşmiş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə daha da məsuliyyətlə yanaşmalıdır.
Sonda mehmanxana nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
AzərTAc/az