Bakı Metropolitenində tibb məntəqələrinin yaradılması gözlənilir

Posted by

Bakı Metropolitenində tibb məntəqələrinin yaradılması gözlənilirBakı Metropolitenində tibb məntəqələrinin yaradılması gözlənilir

Bakı Metropolitenində tibb məntəqələrinin yaradılması gözlənilir

Bakı Metropolitenində həkim personalının xidmət göstərəcəyi tibb məntəqələrinin yaradılması ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır. Bununla bağlı Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, hazırda Bakı Metropolitenində bir neçə stansiyada tibbi xidmət otaqları olsa da, onlar sərnişinlər üçün yox, metronun öz işçiləri, xüsusən də maşinistlər üçün nəzərdə tutulub: “Bakı Metropolitenində tibb məntəqələri yoxdur, lakin bir neçə stansiyada tibbi xidmət otağı, ilkin tibbi yardım üçün nəzərdə tutulan ləvazimat və dərmanlar var. Lakin onlar Metropoliten işçiləri, əsasən da maşinistlər üçün nəzərdə tutulub. Sərnişinlər üçün isə tibb məntəqəsi və ya onlara tibbi yardım göstərəcək ayrıca personal yoxdur. Lakin bununla bağlı planlarımız var və müvafiq qurumlarda müzakirələr aparıb stansiyalarda tibbi personalın olduğu məntəqələr yaratmağa çalışırıq”.

N.Paşayev qeyd edib ki, zəruri ehtiyac yarandıqda sərnişinlərə ilkin tibbi yardım metronun əməkdaşları tərəfindən göstərilir, eyni zamanda, təcili yardım stansiyasına məlumat verilir: “Hələ elə bir hal olmayıb ki, bizdə tibbi yardıma ehtiyac olan şəxsə ilkin tibbi yardım göstərilməsin. İlkin tibbi xidmətdən sonra ehtiyac yaranarsa, dərhal təcili yardım stansiyasına xəbər verilir. İndiyədək çağırılan təcili tibbi yardım briqadalarının gecikməsinin də şahidi olmamışıq. Çünki demək olar ki, metronun bütün stansiyaları ətrafında təcili yardım maşınları olur və onlar da tez, vaxtında çatırlar. Təbii ki, burada söhbət insan həyatından və dərhal tibbi müdaxilədən gedirsə, biz də istəyirik ki, Metropolitenin özündə sərnişinlərə zəruri hallarda təcili tibbi yardım göstərən konkret tibbi personal olsun. Bundan əlavə, hazırda Metrpolitenin stansiyalarının, eləcə də işçilərinin sayı artır. Ona görə də bu gün Metropolitendə buna ehtiyac var”.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, Bakı Metropolitenindən təcili tibbi yardım stansiyalarına gün ərzində 4-5, ay ərzində isə orta hesabla 100-120 çağırış daxil olur: “Metroda həm platformaya sərnişinlər üçün, həm də giriş-çıxışlara çağırışlar olur. Bəzən elə olur ki, metronun öz işçilərinin də halı xarab olur. Çağırışlar müxtəlif xəstəliklərlə, adətən isə bayılma, özündəngetmə, böyrək ağrısı, halın pisləşməsi ilə bağlı olur”.

Metroda ölüm hallarının baş verməsinə gəlincə, O.Şahmalıyev qeyd edib ki, təəssüf ki, belə faktlara da rast gəlinir: “Bizdə bununla bağlı konkret statistika aparılmır, amma metroda ölüm hallarına çox nadir də olsa, rast gəlinir. Məsələn, elə dünən sentyabrın 22-də səhər bir ölüm qeydə alınıb. Vətəndaş tibbi yardım briqadası gələnə qədər keçinmişdi”.

 

Trend/az