Azərbaycanda sürücülərə “cərimə SMS”-nin göndərilməsi ilə bağlı elektron baza yaradılır

Posted by

Azərbaycanda sürücülərə "cərimə SMS"-nin göndərilməsi ilə bağlı elektron baza yaradılır

Azərbaycanda sürücülərə “cərimə SMS”-nin göndərilməsi ilə bağlı elektron baza yaradılır

 

Azərbaycanda sürücülərə "cərimə SMS"-nin göndərilməsi ilə bağlı elektron baza yaradılır

Azərbaycanda inzibati xəta törətmiş nəqliyyat vasitəsinin istifadəçisinə inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə SMS məlumatların göndərilməsi ilə bağlı elektron baza yaradılır. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Şöbə rəisi bildirib ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, artıq dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri ərazidən evakuatorlar tərəfindən götürülən kimi həmin avtomobilin sürücüsünə xüsusi texniki vasitələrin köməyi ilə elektron formada, indiki halda əgər o şəxsin mobil telefon nömrəsi varsa, ona bu barədə SMS vasitəsilə məlumat verilməlidir. Bununla bağlı İnzibatı Xətalar Məcəlləsinə 32-1 fəsil əlavə edilib. Bu məsələ öz əksini həmin fəsildə daha dəqiq formada tapıb: “Yeni qaydalara görə, İXM-in dayanma-durma qaydalarının pozulması ilə bağlı olan 158-1.1 və ya 158-1.2 maddələrində göstərilən cərimələrin tətbiqi ilə əlaqədar, inzibatı xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, onun iştirakı olmadan foto və videoçəkiliş aparmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitələrinə quraşdırılmış kompüterlərlə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparan şəxsə həmin protokol barədə bu məcəllənin 429-6.2 maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir”.

K.Əliyevin sözlərinə görə, həmin maddədə isə söhbət məlumatın hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış “elektron kabinet”ə yerləşdirilməsi və istifadəçinin SMS vasitəsilə məlumatlandırılmasından gedir: “Bu sistem işə düşdükdən sonra artıq vətəndaşın avtomobili aparılırsa, bu barədə məlumat onlayn rejimdə “elektron kabinet”də yerləşir və avtomobilin duracağa daxil olması barədə sürücüyə dərhal SMS göndərilir. Bu sistem hazırda işləyir. Lakin elektron bazada bütün avtomobil sürücüləri barədə lazım olan məlumatlar yoxdur. Sistemin tam gücü ilə işləməsi üçün bütün məlumatlar “elektron kabinet”ə yüklənməlidir. Bununla yanaşı, vətəndaşın SMS məlumatlandırılması üçün telefon, yaxud elektron poçt ünvanı barədə bizdə məlumat olmalıdır. Bunun üçün həmin şəxslər bu məlumatları bizə verməlidirlər ki, biz də elektron məlumatlandırma sistemi yaratmaq üçün hər bir avtomobili idarə edən şəxs barədə məlumata malik olaq. Ona görə də hələlik yeni sistemin tətbiqi mümkün deyil. Bu, böyük məsələdir, hazırda bunun üzərində iş gedir”.

BDYPİ sözçüsü əlavə edib ki, hələlik müvəqqəti olaraq müəyyən ərazilərdə nəqliyyat vasitəsinin aparılmasına dair duracaqların telefon nömrələri yerləşdirilib ki, vətəndaş maşının aparıldığını görəndə həmin ərazidəki duracağa müraciət edə bilsin: “Sürücülərə tövsiyə edirik ki, ümumiyyətlə, nəqliyyat vasitələrini dayanma-durmanı qadağan edən yerdə saxlamasınlar. Onlar bilməlidirlər ki, şəhərdə evakuasiya xidməti var. Əgər evakuasiya xidməti avtomobili aparıbsa, həmin ətrafda nişanların altında onun hansı duracağa evakuasiya olunması və həmin duracağın nömrəsi göstərilib. Sürücülər həmin nömrələrə zəng edərək avtomobilinin orada olub-olmamasını dəqiqləşdirə bilərlər”.

 

Trend/az