Los Ancelesdə “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunub

Posted by

Los Ancelesdə "Əsrin müqaviləsi"nin 20 illiyi qeyd olunubLos Ancelesdə “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunub

Los Ancelesdə "Əsrin müqaviləsi"nin 20 illiyi qeyd olunub

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniyanın nüfuzlu təhsil ocaqlarından olan Cənubi Kaliforniya Universitetinin (USC) Mühəndislik fakültəsi ilə birgə “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, tədbirdə universitetin professor və tələbələri, neft sahəsi üzrə müxtəlif təhsil və tədqiqat mərkəzlərinin tanınmış alimləri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” adlı tarixi sənədin imzalandığını, bununla da ölkəmizin neft strategiyasının və enerji siyasətinin bünövrəsinin qoyulduğunu bildirib. Baş konsul bu müqavilə ilə bir əfsanənin reallığa çevrildiyini, Azərbaycan xalqının sosial-iqtisadi həyatında və ölkəmizin inkişafında dönüş nöqtəsi yaratdığını qeyd edərək, bu səpkidə ötən dövr ərzində əldə olunan nailiyyətlərin Heydər Əliyev tərəfindən həyata keçirilən siyasətin nə qədər uzaqgörən olduğunu göstərdiyini vurğulayıb. N.Ağayev bu strategiyanın bu gün ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Azərbaycanın apardığı enerji siyasətinin ABŞ ilə münasibətlərdə xüsusi yer tutduğunu bildirən baş konsul iki ölkə arasında münasibətlərin inkişafında “Əsrin Müqaviləsi”nin böyük rol oynadığını qeyd edib.

Daha sonra universitetin neft texnologiyaları üzrə professoru Fred Aminzadə çıxış edərək, Azərbaycanın neft istehsalı və sənayesi ilə bağlı təcrübələrindən danışıb, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismar prosesi barədə məlumat verib.

Tədbirin sual-cavab qismində qonaqları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir ziyafət və Azərbaycan rəqsləri və mahnılarının ifası ilə yekunlaşıb.

 

Trend.az