Birinci xanım Mehriban Əliyeva: Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır

Posted by

Birinci xanım Mehriban Əliyeva: Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artırBirinci xanım Mehriban Əliyeva: Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır

Birinci xanım Mehriban Əliyeva: Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır

Sentyabrın 19-da Parisin San- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Bu barədə Trend AzərTAc Dövlət İnformasiya Afentliyinə istinadən məlumat verib.

 

“Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkil olunmasında əsas məqsəd xaricdə Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir. Heydər Əliyev Fondunun budəfəki təşəbbüsü də məhz bu məqsədə xidmət edir.

 

Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu qeyd etdi.

 

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi.

 

Mehriban Əliyeva çıxışında Parisin mərkəzində və onun ən gözəl guşələrindən biri olan Sən-Süplis meydanında “Azərbaycan şəhərciyi”nin açılışında hər birini ürəkdən salamlayıb: “İlk növbədə Azərbaycanı, onun tarixini, incəsənətini və mədəniyyətini tanıdan bu layihənin hazırlanmasına və keçirilməsinə yardım göstərən hər bir şəxsə, xüsusən də Paris şəhərinin VI rayonunun meri cənab Jan-Pyer Lökoqa və onun komandasına öz dərin minnətdarlığımı bildirirəm”.

 

Birinci xanım qeyd edib ki, Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır: “Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir. Mən çox sevinirəm ki, son illər bu münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır. Həm dövlət, həm də qeyri-dövlət strukturları, biznes sektoru, ictimai təşkilatlar arasında işgüzar əlaqələr qurulur və inkişaf edir”.

 

Mehriban Əliyeavnın sözlərinə görə, Azərbaycan ilə Fransa bir çox sahələrdə əməkdaşlıq qurub, xüsusən də şəhərsalma, nəqliyyat, kosmos, şərabçılıq və digər sahələrdə artıq işgüzar əlaqələr yaranıb və bu əlaqələr ildən ilə inkişaf edir: “Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollara çatıb. Azərbaycanda əllidən çox fransız şirkəti fəaliyyət göstərir”.

 

Birinci xanım bildirib ki, əlbəttə, xalqlarımız, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində humanitar və mədəniyyət sahəsində olan əlaqələr çox böyük əhəmiyyət daşıyır: “Mən çox şadam ki, son iki il ərzində bu sahədə bir çox layihələr həyata keçirilib. Bir misalı sizin diqqətinizə çatdırmaq istərdim. Parisə gəlməmişdən əvvəl, sentyabrın 15-də ölkəmizin paytaxtı Bakıda Azərbaycan dövlətinin vəsaiti ilə inşa olunan ilk fransız liseyinin açılışında mən dövlət başçısı ilə bərabər iştirak etdim və çox şadam ki, müasir təhsil ocağı artıq ilk şagirdlər üçün öz qapılarını açıb.

Fransada isə biz mütəmadi olaraq artıq ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçiririk və çox sevindirici haldır ki, təkcə Parisdə yox, Fransanın müxtəlif regionlarında, müxtəlif şəhərlərində Azərbaycanı tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır. Mən çox şadam ki, bizim birgə səylərimiz nəticəsində Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır. Bu sırada, bu yaxınlarda öz fəaliyyətini bərpa edən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasını biz ürəkdən salamlayırıq, onun fəaliyyətini alqışlayır və dəstəkləyirik.

Əziz dostlar, bu on gün ərzində “Azərbaycan şəhərciyi”ndə sizlərə Azərbaycanın keçmişi, bu günü və gələcəyi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və musiqisi barəsində dolğun məlumat veriləcək. Eyni zamanda, biz zəngin mədəni proqram hazırlamağa çalışmışıq. Ənənəvi və klassik musiqi, caz konsertləri, müxtəlif rəqs ansambllarının çıxışları sizə təqdim olunacaq. Ümidvaram ki, bu layihə də qəlbdən qəlbə ənənəvi, növbəti bir körpü olacaq”.

 

Sonda Mehriban Əliyeva qeyd edib ki, sərginin, bu yarmarkanın bir qismi bildiyiniz kimi gələn il ölkəmizdə keçiriləcək Avropa oyunlarına həsr olunub: “Bu, həm ölkəmiz, həm də Avropanın idman hərəkatı üçün çox əhəmiyyətli bir tədbirdir. Bu gün Azərbaycanda bütün lazımı tədbirlər görülür və ümidvaram ki, oyunlar əmin-amanlıq, həmrəylik və sağlam rəqabət şəraitində keçiriləcək.

Mən fürsətdən istifadə edərək sizləri bu tarixi oyunları izləmək üçün ölkəmizə dəvət edirəm.

Əziz dostlar, dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm və sizə xoş axşam arzulayıram. Sağ olun!”

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan- Fransua Mansel də bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, zəngin mədəniyyətə malik ölkəmizin üzləşdiyi ən böyük problemi – Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan rəhbərliyi bu münaqişəni sülh yolu ilə həll etmək istəyir.

 

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq oldu. Bu şəhərcikdə ölkəmiz haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar öz əksini tapıb. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən mədəniyyət barədə müfəssəl məlumat verilir. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu şəhərcikdə “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb.

 

Burada, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı da keçirildi, indiyə qədər görülən işlə barədə qonaqlara məlumat verildi.

 

Sentyabrın 28-dək davam edəcək sərgi-yarmarkada Azərbaycan incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək.

 

Açılış mərasimində iştirak edən kəndirbazların və pəhləvanların çıxışları da maraqla qarşılanıb. Müxtəlif Azərbaycan şirkətlərinə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri sərgilənir. Bu da ölkəmizin təbiəti, xalqımızın məişəti, adət-ənənələri barədə qonaqlarda dərin təəssürat yaradır.

“Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulub.

 

Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən biri də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materialların, həmin dövrə aid arxeoloji tapıntıların – zərgərlik nümunələrinin, məişət əşyalarının, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaların, miniatürlərin əks olunduğu çini qabların, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalçaların sərgilənməsidir.

Sonra “Fransa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisi ilə tanışlıq olub. Sərgidə rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. Əsas qəhrəman da Fransa və onun paytaxtı Paris və regionlarıdır. Burada fırça ustalarımız özlərinə məxsus bədii üslubda maraqlı sənət əsərlərini təqdim edirlər.

 

Tədbir tanınmış caz ifaçısı, Əməkdar Artist İsfar Sarabskinin konserti ilə davam edib. Parisdə musiqi janrları arasında sərbəstliyi ilə seçilən caz səslənib – müstəqil, eyni zamanda dərin və mənalı musiqi. Bu axşam Azərbaycan məhz bu musiqinin təqdimatı ilə Parisin qəhrəmanı olub.

 

Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır. Ölkəmiz Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında milli ab – havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir caz dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem – caz-muğam üslubudur.

 

Beləliklə, Azərbaycan Paris tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gecə Fransa paytaxtında heç bir qaydalara tabe olmayan, yalnız improvizasiyaya təslim olan caz ritmləri hökm sürüb.

 

Trend.az