Vaşinqtonda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib

Posted by

Vaşinqtonda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilibVaşinqtonda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib

Vaşinqtonda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib

Sentyabrın 17-də Vaşinqtondakı aparıcı analitik mərkəzlərdən biri olan Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzində “ABŞ-Avropa Transatlantik İttifaqı: Ukrayna böhranı kontekstində NATO zirvə toplantısı və enerji təhlükəsizliyinin dəyərləndirilməsi” adlı tədbir təşkil edilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə ABŞ Konqresinin üzvləri Maykl Törner və Uilyam Kitinq, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov, Litva Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Ziqimantas Pavilionis və Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarındakı Nümayəndəliyinin rəhbər müavini Fransua Rivasso çıxış ediblər.

 

Akademik və rəsmi dairələrdən çoxsaylı nümayəndələr, ictimaiyyət və media mənsublarının iştirak etdiyi tədbirdə 4-5 sentyabr tarixlərində Uelsdə baş tutmuş NATO zirvə toplantısının nəticələri və Ukrayna hadisələri zəminində Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən səfir E.Süleymanov Azərbaycanın müstəqillik dövrünün ilk günlərindən başlayaraq bütün dövlətlərin ərazi bütövlüyü, suverenlik və müstəqilliyinə hörmət üzərində qurulmuş prinsipial xarici siyasət yürütdüyünü və digər dövlətlərdən də ölkəmizə qarşı eyni yanaşmanın nümayiş etdirilməsinin zəruriliyini vurğulayıb. Uels sammitinin nəticələrindən söhbət açan azərbaycanlı diplomat Azərbaycan tərəfinin NATO-nun yekun bəyanatında bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə etməsindən məmnun olduğunu və bu kontekstdə Alyansa üzv dövlətlərin öz siyasətlərində davamlı və birmənalı yanaşma nümayiş etdirməsinin vacibliyini ifadə edib. Daha sonra E.Süleymanov tədbir iştirakçılarına Azərbaycanın uğurlu enerji siyasəti barədə məlumat verib.

 

Digər natiqlər də öz çıxışlarında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiyasında Azərbaycanın müsbət rolunu vurğulayıblar. ABŞ qanunverici orqan mənsubları – Maykl Törner və Uilyam Kitinq Avropanın enerji təminatının diversifikasiyasında ən əsas təşəbbüs qismində Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Mərkəzin Enerji və Milli təhlükəsizlik Proqramının direktoru və enerji məsələləri üzrə tanınmış mütəxəssis Sara Ladislav Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müsbət rol oynaya biləcəyini bildirib.

 

Eyni zamanda, tədbir çərçivəsində regionda cərəyan edən digər proseslər və mövcud təhlükəsizlik çağırışları müzakirə edilib, habelə baş verən hadisələr kontekstində Uels zirvə toplantısında NATO tərəfdaş dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunmasının olduqca vacib olduğuna xüsusi vurğu edilib.

 

Apa.az