Azərbaycan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir
Sentyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının sədr müavini, deputat Andreas Şokenhof ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Oqtay Əsədov Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edib ki, ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu baxımdan Avropa İttifaqına daxil olan dövlətlərlə ikitərəfli əlaqələrin dərinləşməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. “Bu gün biz Avropa Şurası Parlament Assambleyası və digər nüfuzlu qurumlar çərçivəsində sıx əməkdaşlıq edirik. Avronest çərçivəsində əlaqələrimizin davamlı inkişafı da bu məqsədə xidmət edir”, – deyə Oqtay Əsədov bildirib.
Milli Məclisin sədri Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, ölkədə vətəndaş cəmiyyətinin inkişafı yolunda atılan addımlar, Avropaya inteqrasiya proseslərinin dərinləşməsi istiqamətində görülən işlər və bu proseslərə mane olan məsələlər barədə məlumat verib.
Andreas Şokenhof Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirib ki, səfərin məqsədi müstəqil Azərbaycanın bölgədəki ölkələrlə münasibətləri, təhlükəsizlik və regiondakı ictimai-siyasi vəziyyət barədə danışıqlar aparmaqdır.
Azərbaycanın Avropanın nüfuzlu təşkilatları, o cümlədən Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlığı barədə fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak ediblər.
AzərTac.az