Azərbaycan-Litva hökumətlərarası komissiyası ilk dəfə paytaxtdan kənarda keçiriləcək

Posted by

Azərbaycan-Litva hökumətlərarası komissiyası ilk dəfə paytaxtdan kənarda keçiriləcək

Azərbaycan-Litva hökumətlərarası komissiyası ilk dəfə paytaxtdan kənarda keçiriləcək

Azərbaycan-Litva hökumətlərarası komissiyası ilk dəfə paytaxtdan kənarda keçiriləcək

Azərbaycanın vergilər naziri Fazil Məmmədov Litvanın ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası qəbul edib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, F.Məmmədov V.Lastaukası yeni təyinat münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Vergilər naziri ölkələrimiz arasında əlaqələrin ildən-ilə artan xətlə inkişaf etdiyini, hazırda Litva və Azərbaycan arasında bütün sahələrdə yüksək siyasi və iqtisadi münasibətlər formalaşdığını qeyd edib. Bildirilib ki, hər iki ölkə rəhbərlərinin verdiyi siyasi dəstək son illər iqtisadi, mədəni və ictimai sahələrdə də əlaqələrin dərinləşdirilməsinə imkan verib. Xüsusilə də təhsil, mədəniyyət və idman sahələrində əlaqələrin intensivləşdiyi, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb.

F.Məmmədov ölkələrimizin çoxtərəfli formatda, beynəlxalq təşkilatlarda birgə fəaliyyət sahəsində və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də çox səmərəli əməkdaşlıq etdiyini yüksək dəyərləndirib, Avropa Şurası və ATƏT çərçivəsində Azərbaycana verdiyi dəstəyə görə Litvaya təşəkkürünü bildirib.

Vergilər naziri son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğu barədə qonağa məlumat verərək, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətinin dayandığını bildirib.

Səmimi qəbuldan məmnunluğunu ifadə edən V.Lastauskas Litvanın Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, mütəmadi olaraq hər iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkil olunduğunu diqqətə çatdıraraq, mövcud əməkdaşlığın genişləndirilməsi üçün diplomatik fəaliyyəti dövründə səylə çalışacağını bildirib. O, qeyd edib ki, Bakıya gəldiyi gündən özünü çox rahat hiss edir və burada insanların onun ölkəsinə olan gözəl münasibətinin şahidi olub.

Görüşdə vergilər naziri F.Məmmədovun həmsədri olduğu Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, ötən il keçirilmiş iclasda qəbul olunmuş qərarların icra vəziyyəti, Komissiyanın bu ilin oktyabr ayında Şəmkir şəhərində keçiriləcək 4-cü iclasına hazırlığın gedişi müzakirə olunub.

Səfir V.Lastauskas Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, məhz bu fəaliyyət nəticəsində son 5 il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, digər sahələrdə də əlaqələrin intensivləşdiyini bildiribr. O, Hökumətlərarası Komissiyanın növbəti iclasının Şəmkir şəhərində keçirilməsinin də müsbət bir təcrübə olduğunu, bunun Komissiyanın Litva tərəfdən olan üzvlərinin Azərbaycanın regionlarının inkişafı ilə yaxından tanış olmasına imkan verəcəyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, növbəti Azərbaycan-Litva biznes forumunun keçirilməsi ilə bağlı Litva hökumətinin təklifləri, Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında niyyət protokolunun imzalanması imkanları, habelə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.

 

Trend.az