Azərbaycan-Malayziya sənədləri imzalanıb
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak imzaladılar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Malayziyanın “Petroliam Nasional Berhad” şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Petroliam Nasional Berhad” şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Malayziya Hökuməti arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imzaladılar.
AzərTac.az