Bakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilib

Posted by

Bakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilibBakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilib

Bakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilib

Sentyabrın 10-da Bakıda Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun beşinci iclası keçirilib.

AzərTAc xəbər verir ki, 12 üzv ölkənin nümayəndələrinin iştirak etdikləri Forumun iclasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli çıxış edərək bir il ərzində Azərbaycanın quruma rəhbərlik edəcəyini deyib. Sədr elektron media üzrə tənzimləyici qurumun əsas missiyasının qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində əməkdaşlıq etmək olduğunu bildirib.

N.Məhərrəmli Forumda əsasən media maarifləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağını söyləyib. O deyib ki, indiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca medianı tənzimləyən orqanların da məsuliyyəti artır. Bizim həm ikitərəfli, həm çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var. Buna görə də bu cür müzakirələri mütəmadi olaraq aparırıq. Bu görüşdə medianın maarifləndirilməsi ilə bağlı aparılan müzakirələr bizə gələcək işlərimizdə kömək edəcək. Forumun əsas məqsədi də ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev tədbirdə çıxış edərək elektron media sahəsində region ölkələri ilə və digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın müsbət nəticələrindən danışıb. O, Azərbaycanda elektron media sahəsində mühüm uğurlar əldə edildiyini, bununla bağlı ölkəmizdə dünya təcrübəsinin müxtəlif nailiyyətlərinin tətbiq olunduğunu bildirib.

Ərəstun Mehdiyev Forum çərçivəsində tərəfdaş ölkələrlə münasibətlərin, aparılan təcrübə mübadiləsinin önəmini qeyd edib. İclasın əhəmiyyətindən danışan Prezident Administrasiyasının rəsmisi deyib ki, bugünkü toplantıda fikir mübadiləsinin aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək, həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan olacaq.

Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun baş katibi Hamit Ersoy hər il bütün üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıların əhəmiyyətini vurğulayıb. O, Forumun 5 illik fəaliyyəti haqqında kitab hazırlandığını qeyd edib.

Daha sonra iclas iştirakçıları “Media maarifləndirməsi” mövzusunda müzakirələr aparıblar.

Tədbirdə təcrübə mübadiləsi ilə bağlı təqdimat da olub.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yayım tənzimləyici orqanları 2008-ci ilin iyununda qurumun İstanbuldakı baş qərargahında toplanıb və burada Qara Dəniz Ölkələrinin Yayım Tənzimləyici Orqanları Forumunun yaradılmasını elan edən birgə bəyannamə qəbul edilib.

Gələcək əməkdaşlığın və yayım sektorunda əsas məsələlərin müzakirəsi üçün hər il Forumun bir üzvünün dəvəti ilə iclas keçirir.

 

Trend.az