Maya Pancikidze: Gürcüstan hər zaman Azərbaycanla əməkdaşlığa, mövcud əlaqələri genişləndirməyə hazırdır
Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, iki dost və qonşu ölkə arasında çoxşaxəli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Ə.Qarayev mədəniyyət sahəsində əməkdaşlıqdan, Gürcüstanla qarşılıqlı mədəni layihələrin həyata keçirilməsindən razılığını bildirib. Son illər iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin daim inkişafda olduğunu qeyd edən nazir abidələrin mühafizəsi sahəsində əməkdaşlıq və s. məsələlərlə bağlı fikirlərini qonaqlarla bölüşüb.
Ə.Qarayev həmçinin, Azərbaycanda mədəniyyət və turizm sahəsində son yeniliklərlə bağlı gürcüstanlı nazirə məlumat verib.
Xanım M.Pancikidze Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Gürcüstanın hər zaman Azərbaycanla əməkdaşlığa, mövcud əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb: “Bu səfərimizin mədəniyyət sahəsində də daha yüksək əlaqələrin qurulmasına zəmin yaradacağına inanırıq”.
O, Gürcüstanın Azərbaycana dost olduğunu, bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.
Daha sonra gürcüstanlı qonaq ölkəsində yeni təyin olunan mədəniyyət naziri haqqında azərbaycanlı həmkarına məlumat verib.
Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Trend/az