Ştefan Füle: Enerji təhlükəsizliyi “Şərq tərəfdaşlığı”nın əsas strateji hədəfidir
Regionda energetika və siyasi vəziyyət sahəsində problemlərin həll edilməsinin vaxtı çatıb. Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə bildirib.
Füle deyib: “Şərq tərəfdaşlığı”nın formatı bizim üçün [Aİ] daha yaxşı alətdir. Çünki onun sayəsində biz diqqəti Avropa İttifaqında bu formatın üzvlərinin, eləcə də bütün regionun real tələbatları üzərində cəmləşdirə bilərik”.
O əlavə edib ki, enerji təhlükəsizliyi “Şərq tərəfdaşlığı”nın əsas strateji hədəfidir: “Biz alətlərimizi, həmçinin proqramın iştirakçı ölkələrində investisiya planında yaxşılaşdırdıq ki, bu da infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Avropa maliyyə institutlarının vəsaitlərinin səfərbərliyini təmin edir. Ümid edirəm ki, biz həmçinin enerjinin alınmasının ən ucuz və ən təmiz formasına – enerji səmərəliliyinə fokuslana biləcəyik”.
Trend/az