Daxili Qoşunların komandanı Türkiyə Jandarm zabitlərini qəbul edib
Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunlarda ezamiyyət müddəti başa çatan Türkiyə Jandarm Qüvvələrinin zabitləri polkovnik Eyyüp Şekeri və yeni fəaliyyətə başlayan polkovnik İzzet Cüralı qəbul etmişdir.
Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səmimi əhval-ruhiyyədə keçən görüşdə general-mayor Ş.Məmmədov Daxili Qoşunlar ilə Jandarm Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin son illər daha da inkişaf etdiyini vurğulamışdır.
Komandan Daxili Qoşunlarda uğurlu fəaliyyətlərini başa vuran polkovnik Eyyüp Şekerə komandanlıq və şəxsi heyət adından təşəkkürünü bildirmiş, “Xidmətdə fərqlənməyə görə” döş nişanı ilə təltif etmişdir. O, yeni müşavir polkovnik İ.Cürala gələcək fəaliyyətində nailiyyətlər arzulamışdır. Polkovnik İ.Cüral öz növbəsində bundan sonra da iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.
Qonaqlar səmimi qəbula və diqqətə görə general-mayor Ş.Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda Türkiyə Jandarm Təşkilatının zabitləri ilə xatirə şəkili çəkdirilmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında 1997-ci ildə imzalanmış müvafiq Protokola əsasən, Daxili Qoşunlarda təlim-tədris prosesinin təkmilləşdirilməsi məqsədilə türkiyəli zabitlər mütəmadi olaraq müəyyən müddətə müşavir və müəllim kimi Daxili Qoşunlara ezam olunurlar.
Polkovnik Eyyüp Şeker qoşunlarda ezamiyyət müddətində Daxili Qoşunlar Komandanının müşaviri vəzifəsində çalışmışdır.
Trend.az