Bakıda ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Nəsimi rayonu, Cavadxan küçəsi, 26 ünvanında ağacların dibinə sulfat turşusunun tökülməsi ilə bağlı şikayət daxil olub. Şikayət dərhal nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
ETSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə baxış zamanı sözügedən ünvanda yaş köküstə 9 ədəd şam və 1 ədəd qarağac cinsindən olan ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib.
Faktla bağlı mövcud vəziyyət sənədləşdirilərək sözügedən ağacların dibinə tökülən maddənin mənşəyinin müəyyən edilməsi məqsədilə ETSN-in mütəxəssisləri tərəfindən həmin sahədən torpaq nümunələri götürülüb.
Torpaq nümunələri üzərində aparılan analizlərin nəticəsinə uyğun olaraq həmin maddənin zərərverici olduğu təsdiq edilərsə, təqsirkarların müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Trend.az