Azərbaycanda əqli mülkiyyət məhsullarına holoqramların vurulmasına hazırlıq başa çatdırılıb

Posted by

Azərbaycanda əqli mülkiyyət məhsullarına holoqramların vurulmasına hazırlıq başa çatdırılıbAzərbaycanda əqli mülkiyyət məhsullarına holoqramların vurulmasına hazırlıq başa çatdırılıb

Azərbaycanda əqli mülkiyyət məhsullarına holoqramların vurulmasına hazırlıq başa çatdırılıb

Azərbaycan Müəllif Hüquqları Agentliyi əqli mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiqi üzrə texniki və təşkilati işləri başa çatdırıb. Bunu Trend-ə Agentlikdən deyiblər.

Müəllif Hüquqları Agentliyinin tabeliyindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi rəqəmsal hüquqların idarə edilməsi ilə yanaşı, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin xüsusi nəzarət markaları ilə təchiz olunması məsələlərinin tənzimlənməsi ilə məşğul olacaq.

Agentlikdə müəllif-hüquq obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılan nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem yaradılıb. Həmçinin smart tipli mobil telefon vasitəsilə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin orijinallığını müəyyən edən “Track & Trace” sistemi (nəzarət markalarının və nüsxələrin qanuniliyinin “izlənməsi” sistemi) quraşdırılıb.

Agentlikdən qeyd ediblər ki, artıq nəzarət markalarının formaları təsdiq olunub və hazırda nəzarət markalarının sifarişi ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Nəzarət markalarının tətbiqinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulub. Holoqramlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəllif hüquqları məhsulları istehsalçılarına onların ərizəsi əsasında veriləcək. Ərizəyə yeddi iş günü müddətində baxılacaq. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 iş günü ərzində nəzarət markalarının verilməsi barədə qərar qəbul ediləcək”.

Audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab nüsxələrinə yapışdırılan nəzarət markasının 1 ədədinin qiyməti 0,15 manat müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin kommersiya məqsədi ilə satışı və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması hallarına görə hər bir belə nüsxəyə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə 150 manat miqdarında cərimə tətbiq ediləcək.

Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılmaq üçün verilmiş nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə fiziki şəxslərə 1 000 manat, vəzifəli şəxslərə 2 000 manat və hüquqi şəxsləər 3 000 manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur.

Qeyd edilən əməllərə görə cinayət məsuliyyəti yarandıqda hüquq pozuntusuna yol vermiş şəxs 3 000 manat miqdarında cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılacaq.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda ziyan vurmaqla törədildikdə 7 000 manat miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

Trend.az