Marianna Vardinoyannis: ELPIDA Azərbaycanın uşaqlarda xərçənglə mübarizə sahəsində dəstəyini qiymətləndirir
“Mən Azərbaycanın bizim səylərimizi dəstəkləməsini çox qiymətləndirirəm və bu dəstək ölkələrimiz arasındakı humanizmdə, qarşılıqlı hörmətdə və böyük dostluqda ifadə olunur”. Bunu Trend-ə müsahibəsində YUNESKO-nun xoşməramlı səfiri, Marianna V.Vardinoyannis Fondunun və Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının (ELPIDA) təsisçisi və prezidenti Marianna Vardinoyannis deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu ELPIDA və Marianna V.Vardinoyannis Fondunun maraqlarını müdafiə edir: “Mən çox şadam ki, bu il Yunanıstanda tanınmış azərbaycanlı artistlərin iştirak etdiyi çoxlu mədəni tədbirlər keçirilir. Onlardan biri yunan məktəblərinin dəstəklənməsinə yönəlib. Bu, cari il sentyabrın 27-də Akropol təpəsindəki tarixi Odeon-Geroda-Attikada xüsusi çıxış olacaq”.
Fondun prezidenti qeyd edib ki, “Affiliasiya proqramları” çərçivəsində Azərbaycanla, o cümlədən Respublika Talassemiya Mərkəzi ilə əməkdaşlıq qurulub: “Azərbaycan 2013-cü ildə bizim çağırışımıza dərhal cavab verən ilk ölkələrdən biri oldu. Bizdə talassemiyanın müalicəsi zamanı uğurlu nəticənin alınması üzrə faizlər çox yüksəkdir. 95 faiz halda pasiyentlər tam müalicə oluna bilirlər”.
M.Vardinoyannis Respublika Talassemiya Mərkəzi ilə Azərbaycanda və Yunanıstanda uşaqların marağında olan əməkdaşlığın möhkəmlənəcəyinə və onun iki ölkəni daha da yaxınlaşdıracağına ümidvar olduğunu deyib.
O bildirib ki, Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasını Azərbaycandan ilk ziyarət edən insan – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilata böyük dəstək göstərib.
ELPIDA rəhbəri xatırladıb ki, 2009-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ELPIDA-da olub: “Biz 2009-cu ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qəbul etmək şərəfinə nail olduq, onunla bizim YUNESKO-nun xoşməramlı səfirləri missiyası vasitəsilə ELPIDA-nın Qonaq evində çox yaxın dostluq əlaqələrimiz quruldu. O, Azərbaycandan bizi ziyarət edən ilk insan oldu və elə o vaxtdan bizə dəstək göstərir”.
Prezident İlham Əliyevin Yunansıtana dövlət səfəri çərçivəsində bu il iyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Afinada ELPIDA-nı ziyarət edib. M.Vardinoyannis Azərbaycanın birinci xanımını Assosiasiyanı ziyarət zamanı “ELPIDA” mükafatı ilə təltif edib.
O, qeyd edib: “Bu il Mehriban Əliyeva hospitalımıza baş çəkdi və biz onu böyük dəstəyinə görə mükafatla təltif etdik. Mən bu xatirələri qiymətləndirirəm, xüsusilə, həmin ən təsirli anları ki, Azərbaycanın birinci xanımı uşaqlara hədiyyələr bağışladı və onların üzündə təbəssüm yarandı. O, uşaqları və onların valideynlərini ruhlandırmağa çalışırdı”.
Assosiasiyanın fəaliyyəti haqqında danışan M.Vardinoyannis bildirib ki, ELPIDA-nın əsası 1990-cı ildə qoyulub: “Biz 1993-cü ildə “Bone Marrow Transplant Unit”i (sümük iliyinin transplantasiyası üzrə cəmiyyət) yaratdıq. Bu günədək orada 700-ə yaxın uşaq transplantasiya üzrə əməliyyat olunub. 1999-cu ildə ELPIDA yanında pansion açdıq. Orada bütün Yunanıstandan və digər ölkələrdən bu günədək 1600-dən artıq ailə məskunlaşıb. 2010-cu ildə onkoloji xəstəliyi olan uşaqlar üçün “Marianna V.Vardinoyannis – ELPIDA” cəmiyyəti açdıq. Ötən il ərzində “Orama Elpidas” adı altında sümük iliyi donorları bankını təşkil və təsis etdik və könüllü donorlar üçün kampaniyaya başladıq. Bank xəstəxanamızın nəzdində fəaliyyət göstərir və onun fəaliyyəti uyğun donorların axtarışı prosedurunu daha sadə, asan və sürətli etməkdən ötrü sümük iliyi nümunələrinin toplanmasına yönəlib”.
Onun sözlərlinə görə, uşaqlarda qan xəstəlikləri sahəsində xüsusi tədqiqatların aparılması üçün işçi heyətinin ixtisasının artırılması üzrə mərkəzin inkişafı Assosiasiyanın planlarına daxildir.
M.Vardinoyannis deyib ki, ELPIDA-nın xaricdə filialları yoxdur. Assosiasiyanın mənzil-qərargahı, ofisləri, xəstəxanaları və Qonaq evi Afinadadır. Beləliklə, Assosiasiyanın fəaliyyətinin səmərəli koordinasiyasına nail olunur: “Yunanıstanın hər yerindən və qonşu ölkələrdən uşaqlar və onların ailələri Afinaya gəlirlər. Burada biz onlara maksimum dəstək göstərməyə çalışırıq. Onlar bizim Qonaq evində qalırlar və terapiya üçün ən yaxşı avadanlıqlar onların xidmətindədir. Biz ən qabaqcıl müalicə metodlarını tətbiq etmək istəyi ilə xaricdəki bir çox iri xəstəxanalarla əməkdaşlıq edirik”.
2013-cü ildə Assosiasiya tərəfindən “Mənsubiyyət proqramı” qəbul edilib.
O, qeyd edib: “Hesab edirik ki, elm və texnika dövlətlər arasında sərhədləri aradan qaldıra bilər və xərçənglə mübarizədə qalib gəlmək üçün bu üstünlükdən istifadə etmək lazımdır. Ona görə də mən əminəm ki, uşaqlarda onkoloji xəstəliklərlə mübarizə ölkələr və xalqlar arasında sülh, dialoq, həmrəylik və əməkdaşlıq üçün platforma ola bilər. Biz bu çərçivədə uşaqlarda xərçəng xəstəliyi ilə mübarizə üzrə alyansımız haqqında rəmzi xatırlatma olacaq “Sülh və ümid xəritəsi” yaratdıq. Biz xəritəyə müxtəlif ölkələrin bayraqlarını daxil edirik. Orada artıq Azərbaycanın bayrağı var və biz əməkdaşlığımıza görə fəxr edirik. Bundan başqa, ABŞ, Qətər, Böyük Britaniya, Fransa və Niderland kimi ölkələrlə yanaşı, Kanada, Türkiyə, Misir, Serbiya və Kipr də bu proqramda iştirak edir”.
Onun sözlərinə görə, Yunanıstanda hər il uşaqlarda 300-ə yaxın xərçəngə yeni tutulma halı və ağır hemotoloji pozuntular qeydə alınır: “Bu uşaqların 80 faizi, yəni ildə 270-ə yaxın yeni pasiyent xəstəxanamızda qəbul edilir. Qeyd etmək vacibdir ki, hər dörd uşaqdan üçü evə tamamilə şəfa taparaq qayıdır. Bundan başqa, bir neçə yüz uşaq mərkəzin pasiyenti kimi öz müalicəsini davam etdirəcək. Eyni zamanda, hər il 60-a yaxın uşaq cəmiyyətdə sümük iliyinin köçürülməsi üzrə əməliyyat olunur”.
M.Vardinoyannis əlavə edib ki, tibbi xidmət göstərilməsi üçün əla şəraitin yaradıldığı ELPIDA-nın xəstəxanası Yunanıstanın milli səhiyyə sisteminə öz töhfəsini verib və bütün xərcləri Yunanıstan dövləti ödəyir”.
Trend/az