ATƏT PA-da qaçqınların vəziyyəti ilə bağlı qətnamə qəbul edilib

Posted by

ATƏT PA-da qaçqınların vəziyyəti ilə bağlı qətnamə qəbul edilib
ATƏT PA-da qaçqınların vəziyyəti ilə bağlı qətnamə qəbul edilib

ATƏT PA-da qaçqınların vəziyyəti ilə bağlı qətnamə qəbul edilib

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos tərəfindən təklif olunan ATƏT regionunda qaçqınların vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilib.

 

Trend-in məlumatına görə, qətnamə layihəsini təqdim edən İ.Santos qaçqın probleminin dünyada son həddə çatdığını qeyd edərək, bunun qarşısının alınması üçün bütün dünya dövlətlərinin ümumi siyasət yürütməsinin vacibliyini vurğulayıb.

O, bildirib ki, dünyada artıq 51 milyon qaçqın və məcburi köçkün mövcuddur ki, bu da olduqca ciddi rəqəmdir.

 

Daha sonra çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qətnamə layihəsini dəstəkləyərək bildirib ki, çox təəssüf olsun ki, dünyada olan 51 milyon qaçqından 1 milyondan çoxu Azərbaycanın payına düşür: “Bu insanlar münaqişə nəticəsində öz ölkələrində çox ağır duruma düşüb, bir çox haqlardan məhrum olublar”.

 

B.Muradova bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görür.

 

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayının artıq 1 milyon 200 min nəfəri keçdiyini deyən B.Muradova bu problemin qarşısını almaq üçün konflikləri həll etməyin vacib olduğunu bildirib: “Bu problemin nəticələrini müzakirə etmək yox, onun səbəblərini müəyyən edib qarşısını almaq lazımdır”.

 

Qətnamə layihəsinə münasibət bildirən digər nümayəndələr də bu problemin getdikcə dünya üçün daha ciddi xarakter aldığını vurğulayıb və problemin həlli istiqamətində bütün dünya dövlətlərinin birgə addımlar atmasının vacibliyini qeyd ediblər.

 

Müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, qətnamə layihəsində ATƏT-ə üzv ölkələrin bu problemin qarşısının alınması istiqamətində birgə fəaliyyətinin və beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanır.

 

Trend.az