ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası komitə iclasları ilə işini davam etdirir
İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin Qırğızıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Roza Aknazarovanın sədrliyi ilə keçirilən iclasında britaniyalı məruzəçi Roger Viliamsın müəllifi olduğu qətnamə layihəsi müzakirə edilmişdir.
Qətnamə layihəsinə təklif edilən 21 düzəlişlə bağlı müzakirələr aparılmışdır. Düzəlişlərdə əsasən gender bərabərliyi, ətraf mühit, iqtisadi tərəqqi, bir sıra ölkələrdə iş şəraitinin yaxşılaşdırılması, dövlətlərin əmək bazarı siyasətinə daha çox diqqət yetirmələri, enerji təhlükəsizliyinin təmin edilməsi, xüsusi ehtiyatların qorunması, ərzaq məhsullarında tullantıların azaldılması, elmi texnologiyaların tətbiqi və s. məsələlər əksini tapmışdır.
İclasda Belarusun ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Viktor Quminskinin müəllifi olduğu “ATƏT regionunda sosial-iqtisadi hüquqların qorunması və inkişaf etdirilməsi” layihəsinə edilən düzəlişlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Qətnamə layihəsində ATƏT-ə üzv ölkələrin hökumətləri, parlamentləri, özəl sektorları, vətəndaş cəmiyyətləri və digər tərəfdaşlarla birgə çalışaraq minilliyin məqsədlərinə çatmaq üçün yolların axtarılması və 2015-ci ildən sonrakı dövrü əhatə edəcək inkişaf sahəsini formalaşdırmaqla bağlı çağırış əksini tapmışdır. Sənəddə, həmçinin sosial şəraitin yaxşılaşdırılması, əhalinin əsas qrupunun hüquqlarının qorunması ilə bağlı məqsədyönlü fəaliyyət, sosial məhdudiyyətlərin aradan qaldırılması, sosial hüquq bazasına çıxış məsələləri də yer almışdır.
Daha sonra müəllifi Almaniyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Dorris Bargnet olan “Etimad və qarşılıqlı yaşamaq regionu: ATƏT-in 40 illiyi” qətnamə layihəsinə düzəlişlər müzakirə edilmişdir. Sənəddə ATƏT PA-nın gələcəyi ilə bağlı konfransın keçirilməsinin zəruriliyi vurğulanmışdır.
X X X
10:32
Bakı, 30 iyun (AzərTAc). Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən iyirmi üçüncü illik sessiyası iyunun 30-da işini komitə iclasları ilə davam etdirir.
AzərTAc xəbər verir ki, sessiyanın üçüncü iş günü siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclası ilə başlamışdır.
Komitənin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəlik barədə məlumat vermişdir.
Sonra ATƏT Parlament Assambleyasının müxtəlif ölkələrdən olan nümayəndələri finlandiyalı deputat Pia Kaumanın hazırladığı qətnamə layihəsinə düzəlişlərə dair təkliflərlə çıxış etmişlər.
İsveçin Assambleyadakı üzvü xanım Asa Lindestam qətnamədə “böhran” ifadəsinin işlədilməsinin vacibliyini vurğulamışdır.
Kanadalı deputat Cislain Maltes münaqişələrin dinc yolla həll edilməsinin, fundamental hüquqlara hörmət, din, söz, ifadə və digər azadlıqlara insan hüquqları kontekstində baxılmasının önəmini qeyd etmişdir.
Qırğızıstan nümayəndəsi Çunubay Tursunbekov ATƏT-in münaqişələrin həlli üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırmış, danışıqların ikitərəfli və çoxtərəfli formatda davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
AzərTac.az