Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilmişdir
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Bişkek şəhərinin meri Kubanıçbek Kulmatovla görüşmüşdür.
Səfirlikdə keçirilən görüşdə Bişkek şəhərinin baş memarı Bakıtbek Abdiyev və şəhər Meriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Ermek Canat da iştirak etmişlər.
H.Orucov Bişkek merini səfirlikdə görməkdən məmnunluğunu bildirmiş, bu münasibəti Azərbaycan xalqına, dövlətinə hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirmişdir.
Səfir Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. O demişdir ki, Azərbaycan və Qırğızıstan rəhbərləri ölkələrimiz arasında əlaqələrin inkişafında maraqlıdırlar.
K.Kulmatov Azərbaycan və qırğız xalqlarının dost və qardaş xalqlar olduğunu qeyd etmiş və ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsi üçün heç bir maneənin olmadığını bildirmişdir.
O demişdir ki, Bakı və Bişkek şəhərləri arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair Saziş layihəsi hazırlanır və sənədin imzalanması Azərbaycan və Qırğızıstan əməkdaşlığının inkişafına təkan verəcəkdir.
Görüşdə Bişkek şəhərində ümummilli lider Heydər Əliyev adına parkın salınması məsələsi də müzakirə edilmişdir. B.Abdiyev və E.Canat salınacaq parkın ərazisində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi və digər layihələr haqqında məlumat vermişlər.
Səfir hazırlanmış layihə ilə bağlı təkliflərini bildirmişdir. O, qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, bütün türk dünyasının fəxridir. Heydər Əliyev hər zaman türkdilli ölkələrə və xalqlara böyük məhəbbət bəsləyirdi.
H.Orucov qardaş ölkələr olan Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində çox iş görüldüyünü, lakin mövcud potensialdan hələ kifayət qədər istifadə edilmədiyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTac.az