Azərbaycanda ilk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək üçün layihə hazırlanıb

Posted by

Azərbaycanda ilk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək üçün layihə hazırlanıb

Azərbaycanda ilk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək üçün layihə hazırlanıb

Azərbaycanda ilk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək üçün layihə hazırlanıb

İyunun 24-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin təqdimatını keçirib.

Trend-in məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər bir cəmiyyətin aparıcı qüvvəsi olan, hazırda Azərbaycan əhalisinin 30 faizə qədərini təşkil edən gənclərin məşğulluğunun aktual məsələlərdən biri olduğunu, təqdim olunan yeni layihənin bu baxımdan xüsusi önəm daşıdığını vurğulayıb.

S.Müslümov bildirib ki, son 10 ildə ÜDM-in 3,4 dəfə artdığı respublikada iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 132 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dolları ötüb. Habelə 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 45 faizdən 5,3 faizə enib, əhalinin gəlirləri 6,5 dəfə çoxalıb: “Bu gün dünyanın hətta inkişaf etmiş ölkələrində işsizlik kəskin problemə çevrildiyi halda, Azərbaycanda işsizlik səviyyəsi 5 faizədək enib ki, bu da dünya ölkələri arasında nümunəvi bir göstəricidir. Bununla belə, nəzərə alsaq ki, ölkədə 15-29 yaşda gənclər arasında bu göstərici 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir, o zaman gənclərin məşğulluğunun təminatının aktual bir məsələ olduğunu qeyd etmək olar”.

Nazir gənclərin məşğulluğu məsələsinin bütün dünya ölkələrinin gündəliyində mühüm yer tutduğunu, bir qədər öncə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən birinci iclasında da bu məsələnin əsas müzakirə mövzularından biri olduğunu bildirib: “Müqayisə üçün qeyd edim ki, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12,6 faiz, İƏT ölkələri üzrə orta göstərici 15,6 faiz olmuşdur”.

S.Müslümov gənclərin məşğulluğunun təminatında əsas problemlərdən birinin ali təhsilli, ilk dəfə işaxtaran gənclərlə bağlı olduğunu diqqətə çatdırıb: “Bir çox hallarda işəgötürənlər ali təhsil müəssisəni yenicə bitirmiş məzundan daha çox, özünü təsdiqləmiş, müəyyən müddət iş təcrübəsi olan mütəxəssisləri işə cəlb etməyə üstünlük verirlər. Ona görə də biz BƏT-lə birgə bu məsələnin həlli istiqamətində sosial tərəfdaşlıq prinsipi əsasında pilot olaraq yeni aktiv layihəyə başlamağa qərar verdik”.

Ölkəmizin BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edildiyini qeyd edən S.Müslümov bildirib ki, bu layihənin əsas məqsədi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində layihəyə cəlb olunan ölkələrin imkanlarının artırılması, sosial təcrid olunma təhlükəsi altında olan gənclərin sayının azaldılması və onların əmək bazarında rəqabət qabiliyyətinin təmin olunmasıdır: “Bu gün təqdim olunan layihə də bir tərəfdən gənc mütəxəssislərin təhsildən aktiv əməyə keçidini asanlaşdırır, digər tərəfdən isə ilk dəfə işaxtaranları subsidiyalı əmək haqqı ilə işə qəbul edən işəgötürənləri təşviq edir. Belə ki, bu pilot layihə ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmayan və Bakı şəhərindəki Məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər gənclə işəgötürən arasında əmək müqaviləsinin imzalanmasını, həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı şəkildə BƏT-in maliyyə dəstəyi ilə ödənilməsini nəzərdə tutur”.

Layihəni hökumət, beynəlxalq təşkilat və özəl sektor arasında sosial dialoqun uğurlu nümunəsi hesab edən nazir yeni pilot layihənin davamı olaraq gənclərə sahibkarlıq vərdişlərinin aşılanması və gələcəkdə bizneslə məşğul olmalarına kömək edilməsi üçün regionlarda gənclərin özünəməşğulluğuna dəstək lahiyəsinin hazırlandığını da qeyd edib.

BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktoru xanım Dmitrina Dmitrova BƏT-in əmək və məşğulluqla bağlı vacib prinsiplərinin, o cümlədən gənclərin məşğulluğunun dəstəklənməsi barədə tövsiyələrinin icrası sahəsində Azərbaycanın fəal siyasətə malik olduğunu yüksək dəyərləndirib. Xanım D.Dmitrova hazırda təqdim edilən layihənin yeni ixtisaslara yiyələnmiş gənclərin əmək bazarına daxil olmasında yeni və səmərəli vasitə olduğunu, belə bir mexanizmin uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malik Azərbaycanın eyni zamanda gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olduğunu vurğulayaraq, təqdim olunan layihəni gənclərin məşğulluğu sahəsində ölkədə aparılan siyasətin keyfiyyətcə yeni və uğurlu davamı kimi səciyyələndirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, gənclərin əmək bazarına çıxışının asanlaşdırılmasına dəstək xarakteri daşıyan yeni layihənin əhəmiyyətindən söz açaraq, pilot işlərinin uğurla nəticələnəcəyinə və gələcəkdə belə layihələrin daha geniş şəkildə tətbiq ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonra “MDB-də gənclərin məşğulluğu üzrə Tərəfdaşlıq” texniki əməkdaşlıq layihəsinin baş texniki məsləhətçisi Mixail Puşkin “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsini təqdim edib. Habelə bir neçə gənclə işəgötürən arasında bağlanan əmək müqavilələri təqdim olunub.

Tədbirdə işəgötürənlər və yeni işə qəbul olunan gənclər çıxış edərək, layihənin önəmli cəhətlərini qeyd ediblər.

 

Trend.az