Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir
İyunun 23-də Azərbaycanın xarici işlər naziri və Avropa Şurasının Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış etmişdir.
Bu barədə AzərTAc-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir. Nazir çıxışında demişdir: “Sizi Azərbaycan sədrliyinin əsas prioritetləri və ötən ay bu şərəfli vəzifəni təhvil aldıqdan sonra görülən işlər, eyni zamanda, sonuncu sessiyadan sonra Nazirlər Komitəsində baş verən yeniliklər barədə məlumatlandırmaq istərdim.
Sədrliyimizin əsas prioritetləri insan haqları, demokratiya və qanunun aliliyi sahəsindən seçilmişdir. Bu sahələr Avropa Şurasının gündəliyində duran ən vacib məsələlərdən bəziləri, eləcə də Azərbaycanın bu sahədə malik olduğu spesifik təcrübə əsasında verə biləcəyi töhfə nəzərə alınaraq müəyyən edilmişdir.
Korrupsiya ilə mübarizə qarşımızda duran prioritet tapşırıqlardan biridir. Bu istiqamətdə beynəlxalq səviyyədə ciddi addımlar atmış bir ölkə olaraq, təşkilatın bu sahədəki səylərinə töhfə vermək məqsədi ilə Korrupsiyaya qarşı Dövlətlər Qrupu – GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə bu ayın sonunda Bakı şəhərində yüksək səviyyəli konfrans təşkil etməyi planlaşdırırıq. Konfrans milli təcrübələr və antikorrupsiya qanunları və qabaqlayıcı tədbirlərin tətbiqi sahəsində qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparmaq üçün nadir imkan yaradacaqdır.
Futbol yarışları da daxil olmaqla, müxtəlif idman müsabiqələrinin manipulyasiyası korrupsiya fenomeninin önəmli aspektlərindən və yeni təhlükələrindən hesab olunur. Bununla bağlı olaraq, Assambleyanın ötən ay bu qurumun adından fəaliyyət göstərən Daimi Komitənin Bakıdakı iclasında qəbul edilmiş 287 saylı Rəy (2014) vasitəsilə İdman yarışlarının manipulyasiyası haqqında Konvensiyanın layihəsinə razılığını verməsi və öz şərhlərini bildirməsindən olduqca məmnunuq. Hazırda mətn yuxarıda qeyd olunan rəy əsasında Nazirlər Komitəsi tərəfindən nəzərdən keçirilir.
Azərbaycan sədrliyi dövründə Konvensiyanın ən qısa zamanda qəbulu üçün əlindən gələni əsirgəməyəcəkdir. Konvensiyanın məhz 2015-ci il Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın sədrliyi dövründə qəbulu bizim üçün məmnunluq və qürur mənbəyi olacaqdır.
Bundan başqa, Azərbaycan Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə maliyyə yardımı ayıraraq, bu prioritet xətti dəstəkləyəcəkdir”.
Müxtəlif etnik və dini icmaların əsrlərdən bəri sülh şəraitində yaşadığı bir dövlət olan Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun təşviqini özünün xarici siyasətinin prioritetinə çevirdiyini vurğulayan E.Məmmədyarov demişdir: “Son illərdə Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumları kimi çox mötəbər beynəlxalq tədbirlərin ev sahibi olmuşdur. Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması Azərbaycan hökumətinin bu sahədə beynəlxalq səylərə dəstəyini daha da gücləndirmək məqsədi daşıyır. Bundan başqa, biz 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi daha bir mötəbər tədbirə də ev sahibliyi etməyi planlaşdırırıq.
Bununla yanaşı, Azərbaycan sədrliyi dövründə çoxmədəniyyətli cəmiyyətlərin qarşılıqlı anlayış və hörmət mühitində birliyi istiqamətində çalışacaqdır. Bu məqsədlə, bu il sentyabrın 1-2-də Bakıda Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektləri mövzusunda illik iclası keçiriləcəkdir. Bu görüş dini və qeyri-dini xadimlərin iştirakı ilə debatların keçirilməsinə imkan yaradacaqdır. Görüşün əsas mövzusu çoxmədəniyyətli cəmiyyətlərdə din və qeyri-dini inancların tolerantlığı, onların bütün növ ayrı-seçkilik, dözümsüzlük və zorakılıqla mübarizəyə, eyni zamanda, dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa verdiyi töhfəsi olacaqdır.
Assambleya nümayəndələrinin bu vacib tədbirə qatılaraq fəal iştirakına ümid edirəm.
Bu prioritet xəttə uyğun olaraq, Azərbaycan sədrliyi dövründə mədəniyyətlə bağlı daha bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. Bunların sırasına iyul ayının əvvəllərində keçiriləcək Mədəniyyət və Rəqəmsallaşmada Platforma Mübadiləsi, oktyabr ayında Bakı şəhərində təşkil olunacaq 2014-cü il Mədəni Marşrutlar üzrə Məşvərətçi Forumu və İrs günlərinə həsr olunmuş tədbir, Qəbələdə baş tutacaq “Nifrət Nitqinə Yox Hərəkatı” Gənclər Forumu daxildir”.
Azərbaycan sosial vəhdətin sabit, çiçəklənən və çoxmədəniyyətli cəmiyyətlərin inkişaf və davamlılığının əsas zəmini olduğu qənaətindədir – deyən nazir bildirmişdir: “Sədrliyimiz Avropa Şurasının hər bir insanın ayrı-seçkiliyə məruz qalmadan sosial hüquqlardan istifadə etməsi istiqamətində gördüyü işləri dəstəkləyəcəkdir. Xüsusilə risk qrupunda olan insanlar Avropa Şurasının müxtəlif sənədlərinin təmin etdiyi hüquqlardan tam istifadə edə bilməlidir. Xarici işğal nəticəsində irimiqyaslı daxili köçkünlük problemi yaşayan Azərbaycan şübhəsiz ki, əhalinin ən zəif seqmenti olan məcburi köçkünlərin hüquqlarının müdafiəsinə sədrlik fəaliyyəti çərçivəsində böyük diqqət ayıracaqdır”.
Gənclərin sosial hüquqlardan istifadə imkanlarının artırılmasına diqqətin gücləndirilməsini vurğulayan E.Məmmədyarov demişdir: “Bununla bağlı olaraq, Azərbaycan hökuməti gənclərə qarşı kənarlaşdırma, ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində görüləcək tədbirlərin təkmilləşdirilməsinə hədəflənən “Enter-2” layihəsinə maliyyə dəstəyi ayırmaq qərarı vermişdir. Qadın haqları da heç bir halda diqqətdən kənarda qalmamalıdır. Bununla bağlı, bir neçə gün öncə Bakı şəhərində keçirilmiş Avropa Ombudsmanlarının Konfransında milli insan haqları institutlarının qadın hüquqlarının təmin edilməsi istiqamətində rolu mövzusunda geniş müzakirələr aparılmışdır.
Sosial vəhdət ilə bağlı sədrlik prioritetlərimiz çərçivəsində cari ilin sentyabr ayında Bakıda Avropa Şurasının Sosial Vəhdət Strategiyası və Fəaliyyət Planı müzakirə olunacaqdır.
Bundan başqa, Azərbaycanın Avropa Şurası ilə bu xüsusi sahədə əməkdaşlığının daha da dərinləşdirilməsi səylərinin məntiqi davamı olaraq, Sosial Vəhdətə məsul olan Avropa Şurası Nazirlər Konfransının Bakıda keçirilməsinə dair niyyətimizi ifadə etmişik”.
Biz təhsilli və məsuliyyətli gəncliyin tərbiyə olunması ehtiyacına xüsusi əhəmiyyət verərək diqqətimizi gənclər və təhsil üzərində cəmləşdirəcəyik – deyən nazir bildirmişdir: “Azərbaycan Hökumətinin milli səviyyədə yeritdiyi siyasət gəncləryönümlü olaraq təhsilə xüsusi diqqət ayırır. Ümumi daxili məhsulda təhsil üçün dövlət xərclərinin payı dayanmadan artır və bu təhsilin keyfiyyətinə və Avropa təhsil sisteminə sıx inteqrasiyasına təsir edir. Eyni zamanda, təhsili dövlət tərəfindən maliyyələşdirilən azərbaycanlı tələbələrin aparıcı xarici, xüsusilə Avropa universitetlərində sayı 2015-ci ildə 5 minə çatacaqdır.
Azərbaycanın ev sahibliyi etdiyi birinci tədbir təhsilə aid olan Demokratik Vətəndaşlıq və İnsan Hüquqları üzrə Avropa Şurası Təhsil Xartiyası üçün əlaqələndiricilər görüşü olmuşdur. Görüş vətəndaşlıq və insan hüquqları sahəsində təhsil vasitəsilə həssas vəziyyətlərdə olan uşaqların həyatında dəyişikliklərin edilməsinin əhəmiyyətinə həsr edilmişdir.
Yaxşı təhsilli gənclərin təşviqi digər sədrlik tədbirində – keçən həftə Bakı şəhərində Avropa Yerli və Regional Qurumlar Konqresi ilə birlikdə təşkil olunan “Yerli demokratiya və gənclik” üzrə beynəlxalq Konfransda geniş müzakirə edilmişdir. Müzakirələr zamanı gənclərin təhsili, onların qərar qəbuletmədə və həmin qərarların idarəetmənin bütün səviyyələrində həyata keçirilməsində fəal iştirakına xüsusi diqqət ayrılmışdır. Həmin toplantı üzv dövlətlərin bu sahədə böyük əhəmiyyət kəsb edən qabaqcıl təcrübə mübadiləsinə imkan yaratmışdır.
Oktyabr ayında biz iki əhəmiyyətli tədbirə – Avropa Ali Təhsil Zonasının həyata keçirilməsi üzrə 4-cü regional nazirlər görüşünə və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcəyik.
Bizim sədrlik fəaliyyətlərimiz üzrə qeydlərimi tamamlayaraq Belçika, Bosniya və Herseqovinanın Nazirlər Komitəsində qarşıdan gələn sədrlikləri zamanı bir çox prioritetlərimizə şərik çıxmalarını görməkdən böyük məmnunluğumuzu bildirmək istəyirəm”.
Çıxışının ikinci hissəsində Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü sessiyasına istinad edən nazir E.Məmmədyarov demişdir: “Mən Avstriyaya bu əhəmiyyətli görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Əlavə etməliyəm ki, sessiyanın istənilən şəxs tərəfindən izlənilməsi üçün şəffaflıq naminə Nazirlər Komitəsi onları açıqlamaq qərarına gəldi.
Nazirlər Vyanada Azərbaycan sədrliyinin xüsusi önəm verdiyi Avropa Şurasının qonşu ölkələr və regionlar istiqamətindəki siyasəti kimi sahələrdə bir sıra qərarlar qəbul etdilər. Nazirlər Avropa Şurasının dəyərləri əsasında bu siyasətin inkişafını davam etdirməyə dair qətiyyətlərini ifadə etdilər. Avrasiya dövlətləri ilə güclü tarixi münasibətlərə malik olan və iki qitənin kəsişməsində yerləşən Azərbaycan təşkilatın bu sahədəki səylərini dəstəkləmək niyyətindədir. Bu məqsədlə biz, sentyabr ayında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli Nazirlər Konfransını təşkil edəcəyik. Konfrans Nazirlər Komitəsi çərçivəsində bu ölkələrlə siyasi əlaqələri necə gücləndirməyə dair davam edən dialoqu tam nəzərə alaraq, Avropa Şurasının qonşuluq siyasətinə daxil olan ölkələrdə uzunmüddətli öhdəliklərin araşdırılması üçün əhəmiyyətli forum rolunu oynayacaqdır”.
Azərbaycan sədrliyi dövründə ATƏT, BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirməyə çalışacaqdır – deyən Elmar Məmmədyarov diqqətə çatdırmışdır: “İki məsələ Nazirlər Komitəsinin sessiyasının gündəliyində xüsusilə əhəmiyyətli olmuş və növbəti aylarda prioritet təşkil edəcəkdir: birincisi, Ukraynadakı vəziyyət, ikincisi isə baş katibin Nazirlər səviyyəsində indiyədək ilk dəfə nəzərdən keçirilən Avropada demokratiya, insan hüquqları və qanunun aliliyi haqqında hesabatıdır. Avropa Şurasının monitorinq qurumlarının gəldiyi nəticələrə əsasən baş katibin hesabatı üzv dövlətlərin qarşılaşdığı bir sıra əhəmiyyətli problemləri müəyyənləşdirmişdir. Hesabat, həmçinin artıq nazir müavinləri tərəfindən nəzərdən keçiriləcək çox faydalı fəaliyyət təkliflərini ehtiva edir. İki həftə ərzində nazir müavinləri mövzu üzrə müzakirələr aparacaqlar ki, bu da müvafiq növbəti tədbirlər üçün qərarların qəbuluna imkan yaradacaqdır”.
Sonda nazir E.Məmmədyarov sualları cavablandırmışdır.
AzərTac.az