Gələn ildən Azərbaycanda fiziki şəxslərdən alınacaq əmlak vergisi yeni üsulla hesablanacaq
2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsindən asılı olaraq ödəyəcəklər. Hazırda vergi binaların inventarlaşdırılmış dəyərindən tutulur.
Trend-in məlumatına görə, ötən gün Milli Məclis tərəfindən qəbul edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, əmlak vergisi 30 kvadratmetri ötən sahənin hər kvadratmetrinə görə hesablanacaq.
Müvafiq olaraq, 30 kvadratmetrədək sahə əmlak vergisinin ödənilməsindən azad olunur. Qüvvədə olan qanunvericiliyə görə, əmlakın dəyəri 5 min manatdan azdırsa, vergi tutulmur. Dəyər bu məbləği keçərsə, vergi binanın dəyərinin 0,1 faizini təşkil edir.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Trend.az