Brüsseldə “Məcburi köçkünlər və Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Posted by

Brüsseldə “Məcburi köçkünlər və Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Brüsseldə “Məcburi köçkünlər və Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Brüsseldə “Məcburi köçkünlər və Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Beynəlxalq Qaçqınlar Günü ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Avropadakı Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) Avropa Parlamentinin binasında “Məcburi köçkünlər və Azərbaycan” mövzusunda “dəyirmi masa” təşkil etmişlər.

TEAS-ın Brüssel nümayəndəliyinin rəhbəri Roman Hunanın aparıcılığı ilə keçirilən “dəyirmi masa”da Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Arif Məmmədov və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim məcburi köçkün problemini Azərbaycan kontekstində və qlobal kontekstdə şərh etmişlər.

ATƏT-in Münaqişələrin Önlənməsi Mərkəzinin direktor müavini Paskal Heyman və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsləhətçisi Atanas Baltov da problemin siyasi və hüquqi aspektləri barədə məlumat vermişlər.

Fuad İsgəndərov Azərbaycanda qaçqın və məcburi köçkün probleminin ən tez zamanda həll edilməsinin önəmini qeyd etmişdir. Bildirmişdir ki, beynəlxalq institutlar bu problemin ciddiliyini nəzərə almalı və həllinə töhfə verməlidirlər. O, Avropa Parlamentinin bu istiqamətdə daha konstruktiv mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirmişdir.

Arif Məmmədov vaxtilə Avropa İttifaqının Azərbaycandakı məcburi köçkünlərə etdiyi yardımları xatırlatmışdır. Bildirmişdir ki, bu gün Azərbaycanın iqtisadi gücü öz ərazisindəki qaçqın və məcburi köçkünləri normal həyat şəraiti ilə tam təmin etməyə imkan verir. Bununla belə, beynəlxalq ictimaiyyət problemin həllində daha səylə çalışmalıdır.

Xəzər İbrahim isə Azərbaycandakı məcburi köçkünlərin çətin sınaqlarla üzləşmələrinə baxmayaraq, ölkənin radikallaşmadan yan keçdiyini, Azərbaycan cəmiyyətinin sağlam şəkildə milli quruculuq prosesində iştirak etdiyini bildirmişdir.

Qeyd edək ki, bu mövzuda “dəyirmi masa” təşkilatçıların ilk təşəbbüsü deyildir. TEAS-ın Brüssel nümayəndəliyi Azərbaycandakı məcburi köçkün problemini bu şəhərdəki institutlarda vaxtaşırı qaldırır.

 

AzərTac.az