İsveç şirkətləri Azərbaycanda infrastruktur və digər sahələrə sərmayə qoya bilər
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveçin ticarət naziri xanım Eva Byörlinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev ölkəmizdə beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb, İsveçlə əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin, ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qorunması və təşviqi haqqında sazişlərin imzalanmasının vacibliyini qeyd edib. Azərbaycanda İsveç səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağı diqqətə çatdırılıb.
Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, investorlar üçün əlverişli şərait yaradılıb. Hazırda Azərbaycanın dünyanın 150-dən çox ölkəsi ilə ticarət əlaqələri var. Xarici ticarət dövriyyəsinin 50 faizdən çoxu Avropa ölkələrinin payına düşür. İri enerji və regional nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. 2006-cı ildə Avropa və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qüvvəyə minib. 2008-ci ildə Azərbaycan “Şərq Tərəfdaşlığı” Təşəbbüsünə qoşulub. Bununla yanaşı, Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalanıb.
Ş.Mustafayev sənaye, metallurgiya, neft kimyası, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sənayesi, İKT, alternativ enerji və s. sahələrin prioritet olduğunu qeyd edib, İsveçlə iqtisadi əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.
Nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.
İsveçin ticarət naziri xanım E.Byörlinq Azərbaycanın “Şərq Tərəfdaşlığı” Təşəbbüsünə qoşulmasını yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanla bu sahədə fəal əməkdaşlıq etdiyini bildirib.
Görüşdə qeyd edilib ki, İsveç şirkətləri Azərbaycanda infrastruktur (dəmir yolları, avtomobil yolları, hava limanlarının tikintisi), səhiyyə, təhsil, ətraf mühit və s. sahələrə sərmayə qoya bilər. E.Byörlinq ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
Trend.az