Ali məktəblərin bakalavr və magistratura pilləsinin boş qalan yerlərinə avqustun 10-dan əlavə qəbul aparılacaq
2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçimi nəticəsində plan yerləri 81% dolub.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, magistraturaya qəbul 59 proqram üzrə aparılıb.
Onun sözlərinə görə, bunlardan 9 proqram üzrə vakant yerlər 100% dolub. 12 proqram üzrə magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edən insanların ixtisas seçimində iştirak edərək hamısı qəbul olub: “Bu proqram üzrə boş yerlər olsa da, iddiaçılar yoxdur. Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bu ilin məzunlarında hələlik diplomu yoxdursa, qeydiyyatdan keçmək üçün arayış gətirməlidirlər. Onların iyun ayında dövlət imtahanları, diplom müdafiəsi var və bu proses iyunun 25-dək davam edəcək. Magistraturaya qəbul olanların qeydiyyat prosesi də iyunun 25-dən iyulun 10-dək davam edəcək. Bu müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər”.
TQDK sədri qeyd edib ki, ali məktəblərin magistratura səviyyəsinə qeydiyyat başa çatdıqdan sonra qəbul imtahanı zamanı boş qalan yerlər və qeydiyyat nəticəsində boş qalan yerlər cəmləşəcək. Onun sözlərinə görə, bu il ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanının nəticələrinin də avqustun 10-dək elan olunması nəzərdə tutulur: “Təxminən avqustun 10-da ali məktəblərin bakalavr pilləsinin boş qalan yerlərinə elan verilən zaman magistraturanın boş qalan plan yerlərinə də qəbul aparılacaq. Bu il magistraturaya qəbul imtahanının II mərhələsində 9809 nəfərdən 5126 nəfəri qəbul olunub. 2371 nəfərin boş yerlər elan olunandan sonra II dəfə boş qalan yerlərin müsabiqədə iştirak etmək şansı var”.
Qeyd edək ki, bu il magistraturaya ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki, 1695-i isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır.
Apa.az