Azərbaycanın müdafiə nazirinin Brüsselə səfəri başa çatmışdır
İyunun 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak etmişdir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, Əfqanıstanda prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədə 2014-cü ildən sonrakı yeni missiyası, onun başlaması üçün lazım olan hüquqi çərçivənin son vəziyyəti, ABŞ-ın qətiyyətli dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunmuşdur.
NATO Baş Qərargahına səfəri çərçivəsində general-polkovnik Z.Həsənov ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli, türkiyəli və gürcüstanlı həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirmişdir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri iyunun 4-də başa çatmışdır.
AzərTac.az