Azərbaycan və Səudiyyə Ərəbistanı arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın vəziyyəti müzakirə olunub
Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvatın dəvəti ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti 26-30 may tarixlərində Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, səfər zamanı Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Səudiyyə Ərəbistanı Sahil Mühafizəsi İnstitutunun buraxılış mərasimində iştirak edib.
Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Sərhəd Xidmətinin rəisi general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, daxili işlər naziri şahzadə Məhəmməd bin Naif ilə görüşlər keçirib. Müzakirələr zamanı Azərbaycan və Krallıq arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib, sərhəd mühafizəsinin təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin həyata keçirilməsi üzrə birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
DSX-nin nümayəndələri Səudiyyə Ərəbistanı Sərhəd Xidməti bölmələrinin fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib.
Trend.az