Zaqatala rayonunun zəlzələdən zərər çəkmiş kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir
2012-ci ilin mayında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər ardıcıl surətdə davam etdirilir. Zəlzələ bölgəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının göstərişinə uyğun olaraq ötən müddətdə Zaqatala, Balakən və Qax rayonlarında minlərlə fərdi ev, onlarla yeni məktəb binası tikilib istifadəyə verilmiş, həmçinin zərər görmüş evlərdə bərpa və gücləndirilmə işlərinin aparılması üçün əhaliyə dövlət büdcəsindən kompensasiyalar ödənilmişdir. Həyata keçirilən tədbirlər bölgə əhalisi tərəfindən böyük razılıqla qarşılanmışdır.
AzərTAc xəbər verir ki, mayın 29-da Zaqatala rayonunun Aşağı Tala və Yuxarı Tala kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş yeni məktəb binaları qapılarını müəllim-şagird kollektivlərinin üzünə açmışdır. Mərasimlərdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, rayon rəhbərliyi, məktəb kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Aşağı Tala kəndində 3 nömrəli tam orta məktəb üçün inşa edilmiş 600 şagird yerlik yeni binanın açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və təhsil şöbəsinin müdiri Habil Qurbanov çıxış edərək zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində rayonda görülmüş işlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, zəlzələdən sonra tikintisinə başlanılan 23 məktəb binasından 21-i artıq istifadəyə verilmişdir. Bu gün daha iki məktəb binası qapılarını müəllim və şagirdlərin üzünə açır. Bundan əlavə, 6 məktəb binasında bərpa-gücləndirmə işləri aparılmışdır. Eyni zamanda, indiyədək rayonda 4 minə yaxın fərdi ev tikilərək əhalinin istifadəsinə verilmişdir. Zaqatalalılar həyata keçirilən bütün bu tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını, bu məqsədlə dövlət büdcəsindən lazımi məbləğdə vəsaitin ayrıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bölgədə tikintisinə başlanılan 37 məktəb binasının bu gün açılan məktəblər də daxil olmaqla artıq hamısının tikintisi başa çatdırılmış və kollektivlərin istifadəsinə verilmişdir.
Nazir bildirmişdir ki, dünyanın heç bir ölkəsində təbii fəlakətlər baş verərkən tikililərin bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmır. Zəlzələ bölgəsində inşa olunan bu məktəblər, evlər Azərbaycan Prezidentinin öz xalqına, ölkə vətəndaşlarına olan məhəbbətinin, qayğısının təcəssümüdür. Bu, eyni zamanda, dövlətin gücünü, qüdrətini göstərir. İstər 2010-cu ildə Kürqırağı bölgələrdə daşqınlar, istərsə də iki il sonra bu bölgədə baş vermiş zəlzələ zamanı təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün heç bir dövlətdən əlavə yardımların alınmadığını diqqətə çatdıran nazir, bütün bu tədbirlərin dövlətimizin başçısının sərəncamları ilə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata keçirildiyini bildirmişdir.
Nazir Kəmaləddin Heydərov demişdir: Mayın 28-də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümünü təntənə ilə qeyd etdi. Doğrudur, həmin Cümhuriyyət cəmi 23 ay yaşadı. Uzun illər biz keçmiş sovetlər birliyinin tərkibində fəaliyyət göstərdik. Amma, bununla belə, ötən əsrin 70-ci illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkəmizin gələcək inkişafı üçün çox böyük infrastruktur layihələri həyata keçirilmişdir. Bunun nəticəsidir ki, indi biz müstəqilliyimizin 23-cü ilində çox böyük iqtisadi irəliləyişlərə nail olmuşuq. İndi Azərbaycan nəinki regionda, dünyada söz, nüfuz sahibidir. Əminəm ki, bu cür işıqlı, gözəl, ən müasir avadanlıqla təchiz olunmuş məktəblərdə təhsil alan şagirdlər daha yaxşı oxuyacaq, müstəqil Azərbaycanımızın gələcək layiqli qurucuları kimi yetişəcəklər.
Məktəbin rəmzi açılışını bildirən lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Müasir standartlara uyğun inşa edilmiş üçmərtəbəli binada tədris prosesi üçün hər cür şərait yaradılmış, məktəb yeni inventar və avadanlıqla təchiz edilmişdir.
Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon rəhbərliyi Yuxarı Tala kəndində 4 saylı tam orta məktəb üçün inşa edilmiş 360 şagird yerlik yeni məktəb binasının açılış mərasimində iştirak etmişlər.
AzərTac.az