Azərbaycan Prezidenti İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Posted by

Azərbaycan Prezidenti İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Müstəqilliyimizin daimi, əbədi, dönməz olmasında, dövlətçiliyimizin möhkəmlənməsində, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanın hər yerində əziz tutulur, böyük hörmət və rəğbətlə anılır. Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün bölgələrdə mühüm işlər görülür, vacib layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.

Belə mərkəzlərdən biri də Neftçalada yaradılmışdır. Orijinal layihə əsasında tikilən bu mərkəz ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar sərgilənir. Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi bütün sahələrdə qazandığı uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alan, iqtisadiyyatı ağır böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxaran, qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər görən Ümummilli Liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Belə mərkəzlərin yaradılması isə dahi rəhbərin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin tikintisinə 2012-ci ildə başlanılmışdır. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülmüşdür. Müasir interyeri ilə diqqəti cəlb edən foyedə Ümummilli Liderin büstü qoyulmuşdur. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində Ulu Öndərin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zamanı çəkilən fotoları nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev ilə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcəkdir. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır. Mərkəzdəki xarici dil kursları, 3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun zalı, fotostudiya da müasirliyi ilə diqqəti cəlb edir. Müasir akustik sistemlə təchiz edilən 400 yerlik konfrans zalında Neftçala rayonunun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaqdır.

Qeyd edildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Binada Prezident İlham Əliyevin Neftçalaya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi salonu, kafe, istirahət otağı və digər yardımçı otaqlar vardır.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini Ruhəngiz Nəcəfova ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTac.az