Azərbaycanın Naftalan və Polşanın Uneyuv şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-dan 23-dək Polşa Respublikasının Uneyuv şəhərində səfərdə olmuşdur.
Uneyuv şəhərinin meri Juzef Kaçmarekin dəvəti ilə reallaşan səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Qəsrdə yerləşən muzeylə tanış olmuşdur.
Sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun iştirakı ilə Uneyov meri Juzef Kaçmarek ilə görüş keçirilmişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir Həsən Həsənov bildirmişdir ki, səfər bu şəhərlər arasında ikitərəfli əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına xidmət göstərəcəkdir. Bu cür səfərlər, eyni zamanda, xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradacaqdır.
Naftalan Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində mayın 22-də Azərbaycanın Naftalan və Polşanın Uneyuv şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanmışdır.
Müqavilədə iki şəhər arasında bütün səviyyələrdə, o cümlədən təhsil, sosial -iqtisadi, mədəniyyət, incəsənət, idman kimi sahələrdə əlaqələrin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Sənədin imzalanmasından sonra qarşılıqlı olaraq hədiyyələr təqdim edilmişdir.
Nümayəndə heyəti səfər çərçivəsində Uneyovun bir neçə turizm məkanı və qədim mədəni abidələri ilə tanış olmuşdur. Şəhərin bir sıra səhiyyə, təhsil, mədəniyyət, idman və turizm müəssisələrində görüşlər keçirilmişdir.
Görüşlərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Naftalanın nadir sanatoriya-kurort mərkəzinə çevrilməsi və onun dünyada tanınması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Naftalanın sürətli inkişafı Azərbaycandan kənarda da şəhərimizə marağın artmasına səbəb olmuş, bu məkana xarici qonaqların gəlməsinə müsbət təsir göstərmişdir. İnsanları bura gətirən səbəb isə təbii ki, Naftalan neftinin əvəzolunmaz müalicəvi əhəmiyyəti və onların burada şəfa tapmasıdır.
N.Aslanov Naftalan və Uneyovun oxşar şəhərlər olmasını nəzərə alaraq iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdıraraq həmin müəssisələrin və şəhər meriyasının rəhbərlərini Naftalan şəhərinə dəvət etmişdir.
Səfər mayın 23-də başa çatmışdır.
AzərTac.az