“Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər geniş müzakirə olunmuşdur

Posted by

“Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər geniş müzakirə olunmuşdur

“Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər geniş müzakirə olunmuşdur

“Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər geniş müzakirə olunmuşdur

Mayın 23-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlərə həsr olunmuş konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açmışdır. Mövzuya dair məruzə ilə çıxış edən Müvəkkil bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan “Milli Dövlət Proqramı” təsdiq olunmuşdur. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirərək insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təşkilinin konsepsiyasını müəyyənləşdirmişdir.

Qeyd edilmişdir ki, ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması Naxçıvan Muxtar Respublikasında da diqqətdə saxlanılmış, insan hüquqlarının müdafiəsi işi genişləndirilmiş, həmçinin Azərbaycan Prezidentinin Sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrası ardıcıl olaraq davam etdirilmişdir.

Ombudsman bildirmişdir ki, “Milli Fəaliyyət Proqramı”nda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil təsisatı üçün də konkret vəzifələr müəyyən olunmuşdur. Ötən dövr ərzində Müvəkkil təsisatı proqramda nəzərdə tutulmuş vəzifələrin icrasını diqqətdə saxlamışdır. Belə ki, proqramda əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə 2013-cü ildə müxtəlif sosial qruplara ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən 84 tədbir keçirilmişdir.

Müvəkkilin preventiv mexanizm funksiyasının icrası istiqamətində də müvafiq işlər görülmüş, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin ümumilikdə 26 müəssisəsində mütəmadi və əvvəlcədən xəbərdarlıq edilmədən 79 başçəkmə həyata keçirilmişdir.

Məruzəçi insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi sahəsində qarşıya qoyulan vəzifələrin icrası məqsədilə görülən işlərdən də ətraflı söhbət açmışdır. Bildirilmişdir ki, Müvəkkil təsisatı muxtar respublikanın müvafiq qurumları ilə bərabər qarşıda duran vəzifələrin icrası istiqamətində bundan sonra da birgə fəaliyyət göstərərək insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davamlılığının təmin olunması məqsədi daşıyan “Milli Fəaliyyət Proqramı”nın muxtar respublikada icrasını uğurla davam etdirəcək və bu istiqamətdə səylərini daha da gücləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər” barədə məruzə etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz ümummilli lider Heydər Əliyevin 1993-cü il ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Həmin vaxtdan etibarən ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlər geniş vüsət almış, 1998-ci il iyunun 18-də “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasında Konstitusiyanın qəbulunu və Ombudsman institutunun yaradılmasını, insan hüquqlarının təminatı ilə bağlı Konstitusiya nəzarəti institutunun formalaşdırılmasını muxtar respublikada insan amilinə verilən diqqətin bariz nümunəsi kimi səciyyələndirən Cəlil Rüstəmov bildirmişdir ki, bütün bunlarla bərabər, vətəndaşların maddi-rifah halının yaxşılaşması, insanlara xidmət edən infrastrukturun yaradılması, onların təhsilinin, sosial müdafiəsinin təminatı, sağlamlığının qorunması sahəsində də əsaslı addımlar atılmışdır. Bu mənada, son illər muxtar respublikada həyata keçirilən işlər, yaradılan infrastruktur, yeni səhiyyə, təhsil müəssisələri, tikilən kənd mərkəzləri, salınan yollar, ümumilikdə, insan amilinə verilən əhəmiyyətin, layiqli həyat səviyyəsinin yaradılması istiqamətində görülən işlərin bariz nümunəsidir.

Vurğulanmışdır ki, “Milli Fəaliyyət Proqramı”nın I fəslində nəzərdə tutulan sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi muxtar respublikanın dövlət qurumlarının birbaşa səlahiyyətində olmasa da, qəbul edilən normativ aktların icrası təmin olunmuşdur. Belə ki, həbs yerində saxlanılan, ekstradisiya edilmək üçün tutulmuş şəxslərin, miqrantların hüquqlarının təmin olunması, gender bərabərliyi, valideyn məsuliyyətinin artırılması və onun vəzifələri ilə bağlı normativ aktların tənzimlənməsi, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə müvafiq qanunlar qəbul edilmişdir. Muxtar respublikada normativ xarakterli aktların bu qanunlara uyğunlaşdırılması diqqətdə saxlanmışdır.

“Milli Fəaliyyət Proqramı” icra orqanları qarşısında da konkret vəzifələr qoymuş, sahibkarların və istehsalçıların hüquqlarının möhkəmləndirilməsi, işçilərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, həmin istiqamətlərdə artıq bir çox mühüm tədbirlər görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, qarşıda duran əsas vəzifələrdən biri də dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsidir. Onların fəaliyyətində şəffaflığın, elektron xidmətlər göstərilməsinin təmin olunması, elektron hökumət portallarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə də artıq bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ombudsman təşkilatına preventiv mexanizmlərlə bağlı müvafiq səlahiyyətlər verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanına uyğun olaraq dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsinin təşkil edilməsi məqsədilə elektron hökumət portalı yaradılmışdır. Artıq muxtar respublikanın bir sıra orqanlarında elektron xidmətlər göstərilməsinə başlanılmışdır. Elektron xidmətlərin siyahısı təsdiq olunmuşdur və elektron xidmət göstərən bütün dövlət orqanlarının portala qoşulması məqsədilə tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev “Məhkəmə orqanlarında “Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı görülən işlər” mövzusunda məruzə ilə çıxış edərək tədbir iştirakçılarına bu barədə ətraflı məlumat vermişdir. Muxtar Respublika Prokurorluğunun hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov prokurorluq orqanları tərəfindən “Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulan öhdəliklərin icra vəziyyəti və həyata keçirilən tədbirlər barədə danışmışdır.

Məruzələr ətrafında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın, daxili işlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyevin, ədliyyə nazirinin müavini Elnur İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyevin, rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılovun, İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Anar Əhmədovun, gənclər və idman nazirinin müavini Məcid Seyidovun, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nihad Seyidovun, Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanovun çıxışları olmuşdur.

Çıxış edənlər “Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı müvafiq dövlət qurumları tərəfindən görülən işlər haqqında məlumat vermişlər.

Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.

 

AzərTac.az