“Forbes” Bakını biznes qurulması üçün ən cəlbedici şəhərlərin siyahısına salıb
Dünyanın nüfuzlu “Forbes” jurnalı ilk dəfə olaraq rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqini açıqlayıb.
“APA-Economics”in məlumatına görə, bu reytinq siyahısında Azərbaycan paytaxtının da adı var.
Məlumata görə, siyahı hazırlanarkən əhalinin ödəniş qabiliyyətli olması və vergi yükünün az olması nəzərə alınıb. Bundan başqa, reytinq cədvəli tərtib edilərkən viza rejiminin sadəliyi, rus dilinin statusu, şirkətlərin qeydiyyatının qeyri-rezident olması da nəzərə alınıb.
Reytinq siyahısına keçmiş SSRİ-nin 20 şəhəri daxil edilib. Bu reytinq cədvəlində ilk onluğa Minsk (Belarus), Tallin (Estoniya), Vilnüs (Litva), Almatı (Qazaxıstan), Astana (Qazaxıstan), Riqa (Latviya), Kiyev (Ukrayna), İrəvan (Ermənistan), Tbilisi (Gürcüstan) və Bakı (Azərbaycan) daxil edilib.
Sonrakı yerləri Xarkov (Ukrayna), Bişkek (Qırğızıstan), Odessa (Ukrayna), Donetsk (Ukrayna), Dnepropetrovsk (Ukrayna), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Aşqabad (Türkmənistan) və Moskva (Rusiya) daxil olub.
Jurnal yazır ki, ölkə üzrə ayrılan kreditlərin 90%-i orta əmək haqqı 754 ABŞ dolları olan Bakının payına düşür: “Bu şəhərdə cinayətlərin sayı da olduqca aşağıdır. Belə ki, 2013-cü ildə 1000 nəfərə 4,5 cinayət qeydə alınıb”.
Apa.az