Erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan postuna basqına cəhd edib
Erməni kəşfiyyat-diversiya qrupu postumuza basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.
Təxribat zamanı yüngül yaralanmış gizir Məmmədov Murad Asif oğlu, əsgərlər İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər.
Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Trend.az