Əmək və əhalinin sosial müdafiəsi nazirliyində BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ilə görüş olmuşdur

Posted by

Əmək və əhalinin sosial müdafiəsi nazirliyində BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ilə görüş olmuşdur

Əmək və əhalinin sosial müdafiəsi nazirliyində BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ilə görüş olmuşdur

Əmək və əhalinin sosial müdafiəsi nazirliyində BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ilə görüş olmuşdur

Mayın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşmüşdür.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, S.Müslümov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini, 20 mindən artıq azərbaycanlının həlak olduğunu, 4 min 866 nəfərin itkin düşdüyünü, 100 min nəfərin yaralandığını, 50 min nəfərin müxtəlif dərəcəli xəsarət alaraq əlilliyə məruz qaldığını, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulamışdır.

Hələ ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllini dövlətin mühüm vəzifələrindən biri kimi müəyyən etdiyini bildirən S.Müslümov Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə fəal və məqsədyönlü siyasət aparıldığını nəzərə çatdırmışdır.

Bildirmişdir ki, son 10 ildə ümumi daxili məhsulun 3,4 dəfə, büdcə gəlirlərinin 16 dəfə, əhalinin gəlirlərinin 6,5 dəfə, orta aylıq əməkhaqqının 5,5 dəfə artmış, 1,2 milyon iş yerinin açılmış, yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin 5 faizə enmişdir. Azərbaycanda qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması sahəsində də mühüm uğurlar qazanılmışdır.

Nazir bildirmişdir ki, respublikanın müxtəlif bölgələrdə mövcud olmuş çadır düşərgələri ləğv edilib, qaçqın və məcburi köçkünlər üçün müasir tipli yaşayış məntəqələri yaradılmışdır. Dövlət başçısının 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu təbəqədən olanların məşğulluğu, peşə hazırlığı məqsədilə də işlər aparılır.

Diqqətə çatdırmışdır ki, son 10 il ərzində məşğulluq xidməti orqanları tərəfindən 86,8 min nəfər qaçqın və məcburi köçkün münasib işlərlə təmin olunub, 3406 nəfər peşə hazırlığı kurslarına, 2 min 454 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 4 min 691 nəfər işsizlik müavinəti ilə təmin olunmuşdur.

S.Müslümov “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən, bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirmişdir.

Nazir qeyd etmişdir ki, ölkədə məcburi köçkünlər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilib ki, bununla onlar da kvota qaydasında işə düzələ bilirlər. Cari ilin 1 may tarixinə 50 minə yaxın ailə üzvünü əhatə edən 12 min 229 qaçqın və məcburi köçkün ailəsinə ünvanlı yardım ödənilir. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərdən 35 min 702 nəfərinə sosial müavinət, 3 min 698 nəfərinə təqaüd, 1476 nəfərinə birdəfəlik müavinət ödənilir. Aparılan kompleks işlərin nəticəsi kimi, Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 15 faizədək azalıb.

S.Müslümov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə nazirliyin əməkdaşlıq əlaqələrindən də bəhs edib, bu əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırmışdır.

Ç.Beyani sürətli tərəqqi dinamikasına malik Azərbaycanın eyni zamanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir ölkə olduğunu, ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu bildirmişdir.

Qaçqın və məcburi köçkünlərin insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda aparılan işlərin məmnunluq doğurduğunu diqqətə çatdıran Ç.Beyani bu insanların bütün sahələrdə dövlət tərəfindən dəstəklənməsinin, onların maddi təminatının gücləndirilməsinin yaxşı nümunə olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az