Azərbaycanın nailiyyətləri Çikaqo Beynəlxalq Münasibətlər Şurasında təqdim edilmişdir

Posted by

Azərbaycanın nailiyyətləri Çikaqo Beynəlxalq Münasibətlər Şurasında təqdim edilmişdir

Azərbaycanın nailiyyətləri Çikaqo Beynəlxalq Münasibətlər Şurasında təqdim edilmişdir

Azərbaycanın nailiyyətləri Çikaqo Beynəlxalq Münasibətlər Şurasında təqdim edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov mayın 20-də Çikaqo Beynəlxalq Münasibətlər Şurasında “Azərbaycan: energetika sektorunda nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir.

Bu təşkilatın böyük elmi işçisi Röyçel Bronson tədbiri açaraq, R.Məmmədovu Çikaqo şəhərinin xarici missiyalarının və işgüzar dairələrinin auditoriyada toplaşmış nümayəndələrinə təqdim etmişdir.

Nümayəndəliyin rəhbəri Azərbaycanın tarixi və ölkəmizin geostrateji əhəmiyyəti barədə qısa məlumat verdikdən sonra ARDNŞ-nin fəaliyyəti və onun regional layihələri haqqında söhbət açmışdır. O, Azərbaycanda neft hasilatının tarixinə toxunaraq İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının faşist Almaniyası üzərində qələbəsində Azərbaycan neftinin rolunu qeyd etmişdir.

Vurğulanmışdır ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan istər Cənubi Qafqazın, istərsə də Mərkəzi Asiyadan Avropaya qədər bütün regionun iqtisadi inkişafında həmişə hərəkətverici qüvvə rolu oynamışdır. Böyük İpək yolunun tərkib hissəsi olan Azərbaycan tarix boyu diqqət mərkəzində olmuşdur.

R.Məmmədov qeyd etmişdir ki, Azərbaycan rəhbərliyi ölkəmizin bu tarixi-coğrafi xüsusiyyətlərindən faydalanaraq bir sıra enerji, nəqliyyat və telekommunikasiya layihələrinin təməlini qoymuşdur. O vurğulamışdır ki, ölkə rəhbərliyinin müdrik siyasəti sayəsində həm Azərbaycanın, həm də bütün regionun iqtisadiyyatı sürətlə inkişaf edir. R.Məmmədov ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində uğurla həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi barədə tədbir iştirakçılarına məlumat verərək vurğulamışdır ki, bu siyasətin davamı kimi həyata keçirilməsi planlaşdırılan “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın bu regionun inkişafı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədlərinə sadiq qalmasına dəlalət edir.

Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektoruna da xüsusi diqqət yetirilir, bu sektorda regional meqa-layihələr həyata keçirilir.

Sonra R.Məmmədov tədbir iştirakçılarının suallarını cavablandırmışdır.

Elə həmin gün ARDNŞ nümayəndəliyinin rəhbəri İllinoys ştatının dövlət katibi Cessi Uayt, ABŞ Konqresinin İllinoys ştatını təmsil edən Robin Kelli və Çikaqo şəhərinin yerləşdiyi Kuk dairəsi xəzinədarlığının nümayəndələri ilə də görüşlər keçirmişdir. ARDNŞ təmsilçisi görüşlərdə Azərbaycanın iqtisadi inkişafı, onun beynəlxalq arenada nailiyyətləri barədə söhbət açmış, Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu vurğulamışdır.

Xatırladaq ki, əhalisinin sayına görə ABŞ-ın üçüncü ən böyük şəhəri olan Çikaqo Birləşmiş Ştatların mərkəzi hissəsinin maliyyə paytaxtı hesab edilir.

 

AzərTac.az