Kanadada 28 May – Respublika Günü qeyd edilib
Kanadanın Ontario əyalətində fəaliyyət göstərən Azəri-Türk Kanada Assosiasiyası 28 May – Respublika Günü ilə əlaqədar təntənəli tədbir təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan himninin oxunması ilə başlayan tədbirdə soydaşımız Səbinə Əzizli çıxış edərək müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi haqqında qısa məlumat verib. AXC-nin yaranmasına dair əhəmiyyətli faktlara toxunan S.Əzizli cümhuriyyətin qısa müddət ərzində əldə etdiyi uğurlardan – parlamentin, hökumətin, ordunun, bayrağın, milli himnin və valyutanın yaranmasından, eyni zamanda AXC-nin qurulmasına və inkişafına öz töhfəsini vermiş Məmməd Əmin Rəsulzadənin nailiyyətlərindən bəhs edib.
Azərbaycanın Kanadadakı səfirliyinin birinci katibi Arif Məmmədov da tədbirdə iştirak edərək qonaqlara Azərbaycanın tarixinə dair məlumat verib.
Tədbirdə iştirak edən London şəhərinin parlament nümayəndəsi, elm və texnologiyalar naziri Ed Holder Türk-Azəri Cəmiyyətini göstərdiyi aktivlik və Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın güclü iradəsini, müstəqillik hissini yüksək qiymətləndirib.
28 May – Respublika Gününə həsr olunmuş tədbirdə London şəhər parlamentinin üzvləri İren Mattisen, Susan Trupp, Debora Mattyu, Peggi Sattler, Horald Uşer iştirak ediblər. Qonaqlara Azərbaycana aid suvenirlər və Dağlıq Qarabağ haqqında kitabçalar təqdim edilib.
Azəri-Türk Kanada Assosiasiyanın prezidenti Kəmalə Şiriyeva hər bir azərbaycanlı üçün qürur mənbəyi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma gününü kanadalı dostlarla keçirməkdən qürur duyduğunu bildirib. O, Ontarioda digər icmalarla müqayisədə Azərbaycan, türk diasporunun az olmasına baxmayaraq, onların Kanadanın mədəniyyət, təhsil, iqtisadiyyat, xeyriyyə, qeyri-kommersiya və digər sahələrində yaxından iştirak etdiyini deyib.
Sonda musiqi müəllimi olan Kristina Villat bütün qonaqları heyrətləndirərək Üzeyir Hacıbəyovun “Sənsiz” romansını ifa edib. Daha sonra Azərbaycanın milli rəqsləri ilə davam edən tədbiri Yusif Savalan ifa etdiyi “Ey Vətən” mahnısı ilə yekunlaşdırıb.
Trend.az