Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının XXIII İllik Toplantısı keçirilib
15-16 may tarixlərində Polşanın Varşava şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının XXIII İllik Toplantısı keçirilib.
Trend İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, toplantıda AYİB-in əməkdaşlıq etdiyi 60-dan çox ölkənin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
AYİB-in Müdirlər Şurasının Azərbaycan Respublikası tərəfdən müdiri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak edib.
Toplantı çərçivəsində AYİB tərəfindən Bankın 2013-cü ildə üzv ölkələrdəki fəaliyyəti barədə məlumat verilərək, ötən ildə Bank tərəfindən 392 layihənin həyata keçirilməsinə 8,5 milyard avro vəsaitin yönəldilyi və Bankın gəlirlərinin 1,2 milyard avro təşkil etdiyi bildirilib.
Kreditlər əsasən informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, emal və xidmətlər, bələdiyyə və ətraf mühit, infrastrukturun bərpası, kiçik və orta sahibkarlığın inkişafı və maliyyə sektorlarına ayrılıb.
Qeyd edək ki, AYİB-in 66 üzvü var. Banka 1992-ci ildən etibarən üzv olan Azərbaycana özəl sektor da daxil olmaqla su təchizatı, enerji, nəqliyyat və s. sahələrdə 146 layihənin maliyyələşdirilməsinə 2.5 milyard dollar kredit ayrılıb. Bu kreditlərdən 1.3 milyard dollar dəyərində 10 layihə dövlət zəmanəti ilə, 1.2 milyard dollar dəyərində 136 layihə isə özəl sektorun inkişafına yönəldilib.
Ötən il Azərbaycanda həyata keçirilən 17 layihənin maliyyələşdirilməsinə AYİB tərəfindən 163 milyon avro vəsait ayrılıb.
İllik Toplantıda AYİB-in Müdirlər Şurasında Azərbaycan Respublikasından müdir, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək ölkə iqtisadiyyatı, aparılan islahatlar, uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Bildirib ki, dünyada iqtisadi və maliyyə sistemindəki qeyri-sabitliyə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2013-cü ildə də davam etmiş və ÜDM istehsalı 5,8 faiz artıb.
Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığı, ölkəmizin iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələrinin hələ uzun illər Azərbaycan və region ölkələri üçün səmərəli olacağı diqqətə çatdırılıb.
Bildirilib ki, təcavüzkar Ermənistan Azərbaycanın ərazilərini işğal edib və bu da regionda hərtərəfli iqtisadi əməkdaşlığın inkişafına ciddi maneçilik törədir, iqtisadi potensialın tam reallaşmasını məhdudlaşdırır. Buna baxmayaraq, Azərbaycan regionda liderə çevrilərək, irimiqyaslı beynəlxalq və regional layihələr həyata keçirməkdədir.
Azərbaycanda beynəlxalq maliyyə institutları, o cümlədən AYİB-lə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayan Şahin Mustafayev bankın ölkəmizdə həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirib, AYİB-i özəl sektoru dəstəkləməkdə daha fəal olmağa dəvət edib, Bankın fəaliyyətinin özəl səhm kapitalına investisiya və şirkətlərə birbaşa kredit vəsaitlərinin artırılması, eləcə də korporativ idarəetmə standartlarının inkişafı yolu ilə daha da genişləndirilməsini, layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin (know-how) tətbiq olunmasını və bu fəaliyyətin “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetlərinə uzlaşdırılmasını təklif edib.
İllik Toplantı çərçivəsində Liviya Böyük Sosialist Xalq Cəmahiriyyəsinin AYİB-ə üzv qəbul olunması və Kipr Respublikasının 2020-ci ilədək əməliyyat ölkələri qrupuna daxil edilməsi ilə bağlı qərarlar qəbul edilib.
Trend.az