Nəqliyyat Nazirliyi I Avropa Oyunları ilə bağlı planlarını açıqlayıb
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları hazırlıq işləri bir neçə mərhələni əhatə edir.
İlk növbədə bu böyük tədbir zamanı idman saraylarına gediş-gəlişin əsas marşrutlarının müəyyən edilməsi, idmançıların həm oyunlara, həm də məşqlərə getməsi, o cümlədən bu zallar ətrafında yol bağlantılarının, marşrutların, onların konkretləşməsi, orada lazımi əlavə tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Bu haqda “APA-Economics”ə nəqliyyat nazirinin müavini Musa Pənahov danışıb.
Nazir müavini bildirib ki, I Avropa Oyunları üçün çoxlu nəqliyyat vasitələrinin iştirakı nəzərdə tutulub.
“Bu nəqliyyat vasitələrinin oyun meydançalarının ətrafında orada dayanması, daşınması, dayanacaqların yaradılması, kifayət qədər ictimai nəqliyyatın cəlb edilməsi, əhalinin bu ictimai nəqliyyat vasitələri ilə idman saraylarına çatdırılması, əsas olimpiya zolaqlarının müəyyən edilməsi və bu zolaqların xüsusi idman işarələri qeyd edilməsi kimi işlər həyata keçirilir. Bu tədbirlə vaxtında icra olunacaq, həm əhaliyə, həm də idmançılara xidmətinə təqdim edəcək”, – deyə M. Pənahov qeyd edib.
O, əlavə edib ki, həm ictimai nəqliyyat, həm də I Avropa Oyunları məqsədilə Bakıya yeni avtobus və taksilər gətiriləcək: “Yeni nəqliyyat vasitələri əsasən Almaniya, Fransa, Türkiyə, Çindən gətiriləcək. Bunlar həm idman ailəsinə xidmət edəcək, həm mətbuata, həm də vətəndaşlara xidmət edəcək”.
Apa.az