Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşın fərdi sərgisinin açılış mərasimində iştirak ediblər

Posted by

Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşın fərdi sərgisinin açılış mərasimində iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşın fərdi sərgisinin açılış mərasimində iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraşın fərdi sərgisinin açılış mərasimində iştirak ediblər

Mayın 6-da Heydər Əliyev Mərkəzində tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edib: “Hörmətli Leyla xanım, Arzu xanım, hörmətli qonaqlar! Bu gün Heydər Əliyev Mərkəzində növbəti iki layihənin təqdimatını keçirməyi nəzərdə tuturuq. Artıq uzun illərdir dostluq münasibətlərində olduğumuz, Azərbaycan incəsənətinin xaricdə təbliğ edilməsində səfirə çevrilmiş tanınmış heykəltəraş Lorens Cenkellin fərdi sərgisinin açılış mərasimidir”.

A.Ələkbərov qeyd edib ki, sərgidə unikallığı ilə fərqlənən və müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalarla tanış olmaq mümkündür: “Bu sərginin təşkil olunmasında tədbirin kuratoru cənab Bernard Brunoya təşəkkürümü bildirirəm. Bu sərginin təşkil olunmasında əziyyət çəkən xanım heykəltəraşımıza və onun komandasına dərin təşəkkürümü bildirirəm. Bu sərgi bir neçə ay şəhərimizin qonaqları üçün cəlbedici və maraqlı olacaq”.

Onun sözlərinə görə, eyni zamanda, bu gün artıq ənənəyə çevrilmiş və Heydər Əliyev Fondunun və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “Qız qalası” festivalının təqdimat mərasimidir. Artıq festivalda 26 ölkədən 28 rəssam təmsil olunub: “Bir neçə gün ərzində xüsusi təqdimatlar keçiriləcək və hər birinizi mayın 9-da festivalın bağlanış mərasiminə dəvət edirəm”.

Fransız rəssam və heykəltəraş Lorens Cenkell çıxışında ilk növbədə Anar Ələkbərova gözəl təqdimata görə təşəkkür edib və gözəl Bakı şəhərində olmasından çox sevindiyini bildirib: “Ölkənizin gözəl qonaqpərvərliyinə görə minnətdaram. Bu mənim Azərbaycana ikinci səfərimdir və əminəm ki, bu ölkəyə səfərlərim çox olacaq. Bu ölkə incəsənət baxımından çox maraqlıdır. Fərdi sərgi çərçivəsində mənim bir sıra kompozisiyalarımla tanış olacaqsınız. Qürur duyuram ki, mənim sərgim Toni Kreqqin sərgisi ilə yanbayan təşkil olunub”.

Heykəltəraşın sözlərinə görə, əsərlərinin konfet şəklində olması birbaşa onunla bağlıdır ki, bu hamıya aiddir, hamı bundan istifadə edr və özlüyündə müsbət enerji daşıyır: “Ümid edirəm ki, hər kəs bu əsərlərə nəzər salanda bu müsbət enerjini alacaq. Fikrimcə, seçdiyim bu mövzu çox məşhurdur və sadəliyi ilə seçilir. Eyni zamanda, konfet keçmişlə gələcəyi birləşdirən məhsuldur, çünki konfet əsrlər boyu istifadə edilib, xoş xatirələr, təəssüratlar yaradır. Ümid edirəm ki, sərgi xoşunuza gələcək. Bu, təkcə sərginin maraqlı mövzusu ilə deyil, sərginin keçirildiyi binanın möhtəşəmliyi ilə bağlı olacaq. Burada bir sıra məşhur incəsənət xadimlərinin sərgisi də var. Ola bilsin, fərqli mövzu ilə növbəti dəfə Azərbaycana gəlim”.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzinin həyətində quraşdırılmış kompozisiyalarla tanış olublar.

Sərgidə müxtəlif ölkələrin bayraqlarının, o cümlədən Azərbaycan bayrağının qeyri-adi formada – konfet şəklində heykəlləri nümayiş etdirilir. Heykəllərin hər biri 2-5 metr hündürlüyündədir. Bundan başqa, sərgilənən əsərlər arasında Azərbaycan bayrağının 5 metr hündürlüyündə ayrıca heykəli də var.

Müəllifin Bakıda açılan ilk fərdi sərgisində ümumilikdə 27 əsər təqdim edilib. Ziyarətçilər Azərbaycan, Almaniya, ABŞ, Argentina, Böyük Britaniya, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə, İsveçrə, Fransa, Macarıstan, Kanada, Səudiyyə Ərəbistanı, Koreya, Hindistan, İtaliya, Yaponiya, Ukrayna, Polşa, Niderland, Estoniya, Latviya, Cənubi Afrika Respublikası, Çin və Avropa İttifaqının bayraqlarını fərqli formada görə bilərlər.

Qeyd edək ki, müxtəlif ölkələrin bayraqlarının heykəllərinin sərgisi ilk dəfə 2011-ci ildə Kannda “Böyük iyirmilik” ölkələrinin (G20) sammitində təşkil olunub. Həmin tarixdə L.Cenkell zirvə toplantısı üçün “Böyük iyirmiliy”ə üzv və 5 qonaq ölkənin bayrağının heykəllərini hazırlamışdı.

L.Cenkell 1965-ci ildə anadan olub. Hazırda Fransanın Alp-Maritim bölgəsindəki Valloris şəhərciyində yaşayır və fəaliyyət göstərir. Sənətin sirlərinə müstəqil şəkildə yiyələnən müəllifin müxtəlif vasitələrlə eksperimentləri, yaradıcılıq axtarışları uğurla nəticələnib. Pleksiqlasdan istifadə etməklə “bükmə” texnikasına yiyələnmə L.Cenkellə hazırda dünyada məşhur olan konfet formasında heykəlləri yaratmağa imkan verib. Əsasən, pleksiqlasla işləyən heykəltəraşın alüminium, bürünc, mərmər və digər materiallardan da əsərləri var.

Rəssam-heykəltəraşın dünyanın 25-dən çox ölkəsində nümayiş olunan əsərləri bir sıra qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

L.Cenkellin əsərləri Paris, Monako, Nyu-York, Honq-Konq, London, Seul, Dubay, Bratislava və digər şəhərlərdə sərgilənib.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi oktyabrın 31-dək davam edəcək.

 

Trend.az