Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprelin 30-dan 20 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 48 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 5 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 7 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 3-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 45-i isə məhkəmə orqanlarının aparatındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, biri isə birinci instansiya məhkəmə orqanının aparatındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Azərbaycan Respublikasının müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən ölkəmiz haqqında ümumi biliklər və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaqdır.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait qurumun rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaqdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı aprelin 30-dan mayın 29-a qədər saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini aprelin 30-dan mayın 19-a qədər saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 30 aprel tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) veriləcəkdir.
AzərTac.az